Gələn həftə məşhur hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin uzadılması haqqında məhkəmə dinləməsi gözlənilir. Bu barədə Human Rights Watch-un bəyanatında deyilir.
Leyla Yunus iyulun 30-da və onun həyat yoldaşı Arif Yunus avqustun 5-də siyasi motivli ittihamlarla həbsdədir.
“Hakimiyyət onları dərhal azad etməli və onlara qarşı bütün ittihamları ləğv etməli, Leyla Yunusun həbsdə ona qarşı amansız rəftar haqqında bəyanatlarını araşdırmalı və təqsirkarları məsuliyyətə cəlb etməlidir.
Leyla və Arif Yunusun əsassız həbsi parodiya və Azərbaycan hökumətinin açıq-aşkar onları susdurmaq cəhdidir”, Human Rights Watch-un direktor müavini Reyçel Denber bildirib.
Rəhbərlik etdiyi təşkilat siyasi məhbuslar problemi, korrupsiya, vətəndaşların qanunsuz olaraq evlərindən köçürülməsi, Azərbaycan və Ermənistan vətəndaşları arasında dialoqla məşğul olan Leyla Yunus Avropa Parlamentinin Saxarov mükafatının finalçısıdır.
Həbsdə Leyla Yunusun səhhəti pisləşib, o, ağır diabet xəstəsidir və müalicəsi, xüsusi dietası zəruridir. Həyat yoldaşının həbsindən sonra o, iki həftə ərzində lazımi qida və dərmanları almayıb, vəziyyəti pisləşib.
Həyat yoldaşına məktublarında və vəkilləri ilə görüşlərində Leyla Yunus həbsxana rəhbərliyi tərəfindən ona qarşı amansız davranışı təsvir edib. Sentyabrın 23-də nəzarətçi Yunusun qolunu burub, saçlarından tutub sürüyərək, onu söyüb və təhqir edib. Yunusun şikayəti araşdırılmayıb və o, xəstəxanaya yerləşdirilmir.
Oktyabrın 17-də İlham Əliyev dörd gənc fəalı əfv edib.
Son iki il yarım ərzində hökumət 50 müstəqil vətəndaş fəalı və ya müxalif siyasi fəala qarşı əsassız cinayət ittihamları irəli sürüb.
Azərbaycanın Avropa Şurasında sədrliyə başlamasından sonra bir neçə ay ərzində hakimiyyət dinc fəallara və QHT-lərə qarşı repressiyaları gücləndirərək, saxta ittihamlarla ən az 11 nəfəri həbs edib, ən az 9 digər fəalı mühakimə edib.
Bir neçə nəfər görkəmli fəal qaçmağa məcbur olub və ya həbsdən qorxaraq gizli fəaliyyətə keçib.
Hökumət bu yaxınlarda QHT-lərin xaricdən maliyyələşdirilməsini məhdudlaşdıran düzəlişlər layihəsi təqdim edib. Bu düzəlişlər Azərbaycanda onların fəaliyyətini, demək olar ki, qeyri-mümkün edir.
“Azərbaycan vətəndaş fəallarının təqibinə son qoymalı, EİTİ və Avropa Şurası kimi beynəlxalq tərəfdaşlarına onların qaydalarına uyğun şəkildə oynamağa hazır olduğunu göstərməlidir”, Denber qeyd edib.
“Azərbaycanın tərəfdaşları qanunsuz olaraq həbs edilmiş bütün fəalların, o cümlədən Leyla və Arif Yunusun azad edilməsini tələb etməli və repressiyalara son qoyulana qədər əməkdaşlıq olmayacağını göstərməlidir”, o bəyan edib.