Accessibility links

Novruz Məmmədov: Dövlət Departamenti Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq istəyir


Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzərTAc dövlət agentliyinə müsahibədə ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı açıqlamasna reaksiya verib.

Məmmədov deyib: “Təəssüflər olsun ki, son zamanlar ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycan ilə bağlı bir sıra əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verir. Görünür, bu yolla ölkənin daxili işlərinə qarışmaq və ona təzyiq göstərmək daha məqbul hesab edilir.

Yaxşı olardı ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti bütün bu illər ərzində işğalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə maddi və mənəvi yardım göstərmək əvəzinə, 20 ildən artıq müddətdə bütün hüquqlarından məhrum olmuş bir milyon qaçqın və köçkünün vəziyyəti və hüquqları ilə bağlı bəyanat verəydi.

Yaxşı olardı ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç olmasa bir dəfə özünün yaratdığı beynəlxalq hüquq çərçivəsində ədalətli mövqe bildirəydi.

Lakin ABŞ belə mühüm məsələlərə məhəl qoymayaraq insan hüquqları və azadlıqları məsələlərini istədiyi zaman qaldırmağı yalnız özünün beynəlxalq öhdəliyi hesab edir, Dövlət Departamenti isə sözçüsünün vasitəsilə Azərbaycanla Avropa İttifaqı və ABŞ arasındakı əməkdaşlığa kölgə salmaq, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir”, o qeyd edib.

Oktyabrın 15-də ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki həbsdə olan Leyla və Arif Yunuslar, həmçinin digər vətəndaş fəalları ilə bağlı bəyanatla çıxış edib.

"Humanitar əsaslarda biz Azərbaycan hökumətinə təkid edirik ki, Leyla Yunusa dərhal müstəqil tibbi müayinə və qayğı üçün şərait yaratsın, onun təhlükəsizliyini təmin etsin və durumunu yaxşılaşdırsın", deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

Rəsmi Vaşinqtonun açıqlamasında tanınmış insan haqları fəalı Leyla Yunusun həbsdə saxlanılmasından, onun lazımi tibbi qayğıdan məhrum edilməsindən və səhhətinin pisləşməsindən həyəcan ifadə olunur.

Bu yaxınlarda onunla eyni kameraya salınmış məhbus və həbsxana nəzarətçisi tərəfindən fiziki hücumlara məruz qalmış Leyla Yunusun fiziki təhlükəsizliyi Dövlət Departamenti tərəfindən dərin narahatlıqla qarşılanır.

"Biz Azərbaycan hökumətini qanunun aliliyinə hörmət etməyə və səhhəti ağır olan adamlardan başlayaraq fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbsə atılmış bütün adamları dərhal azadlığa buraxmağa təkid edirik."

Leyla və Arif Yunusların sağlamlıq durumunu xüsusi olaraq qeyd edən rəsmi Vaşinqton İlham Əliyev hökumətini öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırır.

"Vətəndaşlarının hüquqlarına, ləyaqətinə, azalıqlarına hörmət etmək ilk növbədə Azərbaycanın maraqlarındandır", deyə bəyanatda qeyd olunur.

XS
SM
MD
LG