Jurnalist Xədicə İsmayılova bu gün Milli Məclisdə insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı işçi qrupunun təsis iclasına buraxılmayıb.
Xədicə İsmayılova Amerikanın Səsinə bildirib ki, o dəvətlilər arasında olsa da, Milli Məclisə buraxmayıblar.
“Adınız siyahıda yoxdur” deyirlər. Prezident Administrasiyasına zəng vurdum. Dedilər: “Aaa ola bilməz”. Amma yenə də buraxmırlar. Daha sonra Prezident Administrasiyasından Vüqar Əliyev təkrar zəng elədi dedi ki, orada iştirakıma digərləri etiraz ediblər”, o bildirib.
X.İsmayılova etiraz edənlərin konkret kimlər olduğunu bilməsə də, onların dialoqa hazır olmadıqlarının belə tezliklə açıqlanmasının gözlənilməz olduğunu deyib.
Öz növbəsində Xədicə İsmayılova alternativ siyasi məhbuslar siyahısını oktyabrın axrinda açıqlayacağını bildirib.
İşçi qrupu Avropa Şurasının baş katibi Thorbjorn Jagland-ın təklifi ilə fəaliyyətini bərpa edir.
Hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət bu qrup 2003-cü ildə təsis edilmişdi və 2008-ci ilə qədər fəaliyyət göstərirdi.
İşçi qrupunun siyasi məhbus siyahısında 37 siyasi məhbusun adı yer alıb.
Alternativ siyahıda isə yüzdən çox siyasi məhbusun adı var. Alternativ soyahını hazırda həbsdə olan Leyla Yunus tərtiv etib. İndi isə Xədicə İsmayılova alternativ siyahının yenilənmiş variantını açıqlayacağını deyib.