Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı qətnaməsinə etiraz edib.
Komitənin bəyanatında qeyd edilir ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanın sülhə nail olmaq səyləri qəsdən gözdən salınıb. Bu səbəbdən qətnaməyə etiraz edilir və şiddətlə qınanır: “Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması beynəlxalq hüquqa, eləcə də bu qurumun özünün nizamnaməsinə qarşı tam hörmətsizlikdir”.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi iddia edir ki, “bu qətnamənin mətnindən dözülməz korrupsiya qoxusu” gəlir.
Sənədin sonunda Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi avropalı parlamentariləri yenidən düşünməyə çağırıb: “Avropa Parlamentini odun üstünə yağ tökməməyə, revanşist qüvvələri bəsləməməyə, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoqa çağırırıq”.
Avropa Parlamenti martın 15-i Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri qiymətləndirən qətnamə qəbul edib. Xorvatiyalı deputat Jelyana Zovkonun hazırladığı sənəd Azərbaycanın vacib enerji tərəfdaşı olduğunu vurğulamaqla bərabər, Azərbaycan hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırır.
Parlament jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti və LGBT icmasının davamlı təqiblərə məruz qalmasını vurğulayaraq, Aİ və Azərbaycan arasında yeni Tərəfdaşlıq Sazişi üzrə danışıqlarda insan hüquqları, qanunun aliliyi, demokratiya və yaxşı idarəçiliyin prioritet olmasında təkid edir. Avropalı deputatlar media və ifadə azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, fundamental insan hüquqlarının təmin edilməsini, QHT-lərlə bağlı məhdudlaşdırıcı qanununvericiliyin dəyişdirilməsini, siyasi məhbusların azad edilməsini istəyiblər. Qətnamədə Avropa İttifaqı insan haqlarını kobud şəkildə pozan Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır.