Accessibility links

Avropa Parlamenti Azərbaycan hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırır


Avropa Parlamenti martın 15-i Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri qiymətləndirən hesabat qəbul edib. Xorvatiyalı deputat Jelyana Zovkonun hazırladığı hesabat Azərbaycanın vacib enerji tərəfdaşı olduğunu vurğulamaqla bərabər, Azərbaycan hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırır.

Parlament jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti və LGBT icmasının davamlı təqiblərə məruz qalmasını vurğulayaraq, Aİ və Azərbaycan arasında yeni Tərəfdaşlıq Sazişi üzrə danışıqlarda insan hüquqları, qanunun aliliyi, demokratiya və yaxşı idarəçiliyin prioritet olmasında təkid edir. Avropalı deputatlar media və ifadə azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, fundamental insan hüquqlarının təmin edilməsi, QHT-lərlə bağlı məhdudlaşdırıcı qanununvericiliyin dəyişdirilməsini, siyasi məhbusların azad edilməsi istəyiblər. Hesabatda Avropa İttifaqı insan haqlarını kobud şəkildə pozan Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırılır.

Avropa Parlamenti Azərbaycan hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırır
please wait

No media source currently available

0:00 0:04:06 0:00

Hesabatın kölgə məruzəçilərindən olan portuqaliyalı deputat İzabel Santos Azərbaycan hakimiyyətini insan hüquqları, fundamental azadlıqlar və demokratik prinsiplərə hörmət etməyə, bu istiqamətdə islahatlara çağırıb.

"Mən Azərbaycandakı vəziyyəti uzun illərdir izləyirəm və səmimi şəkildə deyim ki, insan hüquqları, demokratiya, media azadlığı və qanunun aliliyi ilə bağlı heç bir dəyişklik görmürəm. Bu, olduqca təəssüfləndiricidir. Azərbaycan bu regionda vacib ölkədir və vacibdir ki, Azərbaycan təhlükəsizlik, insan hüquqları və demokratik vəziyyətin yaxşılaşdırılmasına diqqət göstərsin. Xülasə, mənim mövqeyim odur ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin dərinləşməsi insan hüquqları, demokratiya və qanunun aliliyinə dair vəziyyətlə şərtlənsin".

Hesabatda Azərbaycan və Ermənistan arasında münaqişəyə də geniş yer ayrılıb. Parlament Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan danışıqları alqışlayıb, hər iki ölkənin liderini davamlı sülhü təmin etmək üçün konkret addımlar atmağa çağırıb. Ötən ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində gərginliklər zamanı hərbi əməliyyatlar kəskin şəkildə qınanılıb, Laçın dəhlizində sərbəst hərəkətin təmin edilməsinin vacibliyi vurğulanıb.

Məruzəçi Jelyana Zovko Amerikanın Səsinə müsahibəsində Avropa İttifaqının münaqişənin həllində dürüst vasitəçi ola biləcəyini qeyd edib.

"Biz Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında Şarl Mişelin vasitəçiliyi ilə baş tutan danışıqlar prosesini alqışlayırıq. Danışıqların davam etməsini, həlledici sülh müqaviləsi ilə başa çatmasını arzulayırıq. Bundan başqa Laçın dəhlizində sərbəst hərəkətin tezliklə bərpa olunmasına çağırırıq. Azərbaycanla da bağlı çağırışlarımız var. Naxçıvan məsələsi və ümumilikdə indiyədək razılığa gəlinən məsələlərə əməl edilməlidir. Əlbəttə, mən hadisələrin inkişaf xəttini yaxından izləyəcəyəm. Tövsiyə edərdim ki, Qarabağda da Avropa İttifaqının mülki missiyası yer alsın. Bizim yüksək təlim keçmiş mütəxəssislərimiz var və onlar bölgədə baş verənlərlə bağlı dolğun rəy verə bilərlər".

Sənəddə habelə Azərbaycanla-Aİ arasındakı enerji, ticari-iqtisadi əlaqələrə toxunulur. Azərbaycanın Aİ-nin enerji təchizatının təhlükəsizliyi və diversifikasiyasına töhfə verməyə hazır olması alqışlanır. Ancaq Parlament Aİ və Azərbaycan arasında hər hansı tərəfdaşlıqda insan hüquqlarının əsas prioritet olaraq qalmalı olduğunu xatırladır.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ ilə bağlı öz Tvitter hesabında müzakirələrə reaksiya bildirib.

"Dünən Avropa Parlamentində Azərbaycanla bağlı eşidilən yalan, qərəz, təhqir və təhdidlərin səviyyəsi qondarma demokratik dəyərlərlə pərdələnmiş dərin islamofobiya və xristian fundamentalizminin bariz sübutudur" , o yazıb.

XS
SM
MD
LG