Azadlıq qəzeti Qasid-dən borcunu tələb edir

Azadlıq qəzetinin əməkdaşlarının piketi (Foto Azadliq.info saytından götürülüb)

Qəzet əməkdaşları firmanın ofisi qarşısında etiraz aksiyası keçirib. Qasid qəzetə olan 68 min manatdan çox borcunu ödəmir
Mayın 5-də Azadlıq qəzetinin əməkdaşları Qasid Yayım Firmasının qarşısında aksiya keçirib.

Aksiyaya səbəb Qasid Firmasının qəzetə olan borcunu ödəməməsidir. Qəzet əməkdaşları firmadan redaksiyaya borclu olduğu 68 min manatdan artıq pulu ödəməyi tələb edib.

Qasid Firmasının Mirkazım Kazımov kollektivin qarşısına çıxıb və bildirib ki, borclu olduqlarını danmırlar, lakin onu əsaslı şəkildə qaytarmağa imkanları çatmır. Çünki firmanın özü də zərərdədir.

Qəzet əməkdaşları isə redaksiyanın maliyyə böhranı yaşadığını, əmək haqqı ala bilmədiklərini, "Qasid"in vədlərlə keçinməsinin çıxış yolu olmadığını deyiblər.

Mirkazım Kazımov qəzetə hər həftə müəyyən qədər vəsait ödəməyə çalışdıqlarını qeyd edib. Amma borcu nə zaman bağlaya biləcəkləri haqda heç nə deməyib.