Təbrizdə keçirilən etirazlarda tibb fakültəsinin tələbəsi Aylar Həqqi öldürülüb

Aylar Həqqi

Təbriz Azad Universitetinin tibb fakültəsinin tələbəsi Aylar Həqqi noyabrın 16-da keçirilən etiraz aksiyaları zamanı İslam Respublikasının repressiv qüvvələri tərəfindən öldürülüb.

Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlik Kəndi) şəhərində doğulan və Təbriz şəhərində yaşayan Aylar Həqqi bu şəhərdə baş qaldıran etirazlar zamanı rejimin repressiv qüvvələrinin arxadan ov tüfəngi ilə hədəfinə tuş gələrək həyatını itirib.

Ayların qohumlarının dediyinə görə, onun 23 yaşı var idi və tibb fakültəsinin 4-cü kurs tələbəsi idi. O, noyabrın 16-da axşam rejimə qarşı keçirilən nümayişə gedəndən sonra həmin gün saat 19:00 radələrində başının arxasından güllələnərək həyatını itirib.

Aylar Haqqi

Aylar Həqqinin qohumlarından biri mediaya bildirib ki, təhlükəsizlik agentləri Ayların hündürlükdən yıxıldığını söyləmək üçün ailəsinə təzyiq göstərirlər. Yayımlanan məlumatlara görə, Ayların atası Rəcəb Həqqi hazırda təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılır.

İran rejiminə bağlı media onun Təbrizdə Şəhran qülləsinin yanındakı qazıntı sahəsində qəza nəticəsində öldüyünü iddia edib.

İran rejimi nümayişlərdə ölənlərin heç birinə görə hələ ki, məsuliyyəti üzərinə götürməyib.

İranın hökumət mediası və səlahiyyətliləri, etirazlarda həyatını itirənlərin ölüm səbəbini müxtəlif “qəzalarla” əlaqələndirməyə davam edir. İran hakimiyyəti Məhsa Əmininin də ölümünün səbəbini "ürək xəstəliyi" olaraq açıqlamışdı.

İki aydır davam edən etiraz aksiylarında həyatını itirən vətəndaşların ölüm səbəbi olaraq “yüksəkdən yıxılma”, “intihar”, “ürək problemi” və “üsyançı izdihamın içindən hücum” kimi açıqlamalar irəli sürür.

İslam Respublikası müxalifət mediasını “qətl saxtakarlığı”nda ittiham edib. İslam İnqilabı Keşikçiləri Korpusuna yaxınlığı ilə bilinən Fars xəbər agentliyi Şəhran Qülləsinin təhlükəsizlik kamerasının ləntə aldığı videonu yayımlayıb və iddia edib ki, Aylar Həqqi maşından endikdən biraz sonra çuxurluğa düşərək həyatını itirib. Lakin bu videoda sadəcə bir qadının maşından düşdüyü görünür və hətta şəxsin üzünü və kimliyini müəyyən etmək belə mümkün deyil.

Polis qüvvələri Aylar Haqqinin dəfn mərasimində iştirak edənlərə hücum edib

Aylar Həqqinin dəfn mərasimi noyabrın 18-də Təbrizin Vadi-Rəhmət Qəbiristanlığında keçirilib. Həmin mərasimə çox sayda etirazçı vətəndaşlar qatılaraq İslam Respublikası rejiminin əleyhinə şüarlar səsləndiriblər.

Dəfn mərasimdə vətəndaşlar diktatura rejimi və Əli Xameneyinin əleyhinə şüarlar səsləndirib, onun diktaturasına son qoyulmasını tələb ediblər.

“Azadlıq, ədalət, milli hökumət” şüarı da bu mərasimdə səsləndirilən şüarlardan biri olub. Həmçinin mərasimdə “Azərbaycan milləti çəkəməz bu zilləti” və “biz ölməyə hazırıq, Babəkin sərbazıyı (əsgəriyik)” və “hamımız Aylarıq, mübarizə davam edir” şüarları səsləndirilib.

Təhlükəsizlik qüvvələri qəbiristanlıqda toplaşan vətəndaşlara hücum edərək onları dağıtmağa çalışıb. Repressiv qüvvələrin qəbristanlıqda toplaşan vətəndaşlara sərt müdaxiləsi nəticəsində təhlükəsizlik qüvvələri ilə mülki vətəndaşlar arasında qarşıdurma yaranıb. Vadi-rəhmət qəbristanlığından vətəndaşların verdiyi məlumata görə, polisin xüsusi bölmələri və təhlükəsizlik qüvvələri həmin məzarlığın giriş yollarını qapadaraq bir çox etirazçının məzarlığa getməsinə əngəl yaradıb.

Bəzi müşahidəçilər Aylar Həqqinin dəfn mərasimində iştirak edənlərdən bəzilərinin həbs olunma ehtimalının olduğunu deyirlər.