AXCP fəalına iki il yarım həbs verilib

Daşqın Məlikov

Daşqın Məlikov hesab edir ki, həbsinin əsl səbəbi aktiv siyasi fəallığıdır. O müxalifətçi gənclərin yazda keçirdikləri aksiyaların fəal iştirakçısı olub, sosial şəbəkələrdə iqtidarı tənqid edib
İyulun 3-də Sumqayıt Şəhər Məhkəməsi Xalq Cəbhəsi Partiyasının gənc fəalı Daşqın Məlikovu 2 il 6 ay azadlıqdan məhrum edib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz narkotik maddənin əldə olunması və saxlanması) təqsirli bilinib.

Vəkil Əsabəli Mustafayev hökmü ədalətsiz, əsassız və qanunsuz adlandırıb. Onun fikrincə, məhkəmənin qərarı siyasi motivlidir. Belə ki, məhkəmə D.Məlikovun bronxial astmadan əziyyət çəkməsinə və ikinci qrup əlil olmasına məhəl qoymayıb.

Hökmdən Apellyasiya Məhkəməsinə şikayət veriləcək və sonra iş Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılacaq.

D.Məlikovun tərəfdarları hesab edirlər ki, həbsin əsl səbəbi aktiv siyasi fəallıqdır. Müxalifətçi gənclərin bu yaz keçirdikləri siyasi aksiyaların fəal iştirakçısı olub, həmçinin sosial şəbəkələrdə hakimiyyəti tənqid edib.

O, martın 25-də həbs olunub. Hüquq-müdafiəçiləri hesab edirlər ki, D.Məlikov Azərbaycanda növbəti siyasi məhbusdur. Siyasi məhbusların ümumi sayı 100 nəfərə yaxındır.