Accessibility links

Müsavat fəalını həbs etmək istəyirlər?


Yadigar Sadıqov və Müsavat Partiyasının başqanı İsa Qəmbər
Yadigar Sadıqov və Müsavat Partiyasının başqanı İsa Qəmbər

Yadigar Sadıqovdan müharibə əlili şikayət edib. Müsavat Partiyası baş verənləri təxribat adlandırıb

Lənkəran şəhər sakini, Qarabağ müharibəsi əlili Rəşid Kərimov Müsavat Partiyası başqanının müşaviri, partiyanın Lənkəran təşkilatının sədri Yadigar Sadıqov tərəfindən döyüldüyünü bildirib və onun cəzalandırılmasını tələb edib.

Y.Sadıqov bunu onun həbsi məqsədilə təxribat adlandırıb. “Bütün bunlar yalandır. Görünür, məni həbs etmək üçün indidən əsas hazırlayırlar. Belə ki, hakimiyyət məni aktiv siyasi fəaliyyətimə görə cəzalandırmaq istəyir”, o bildirib.

Onun sözlərinə görə, iyunun 25-də axşam çayxanada olarkən narkotik maddə istifadəçisi olan Rəşid Kərimov onun yanında oturub. O, müxalifəti söyərək Y.Sadıqovu təxribata çəkmək istəyib. Lakin, Y.Sadıqov ona qarşı belə təxribatın hazırlanması haqda məlumatı olduğuna görə reaksiya verməyib.

“Nə bu cür təxribatlarla, nə də hədələrlə məni öz əqidəmdən döndərə bilməzlər”, - Y.Sadılqov qeyd edib.

Müsavat Partiyası Sadıqov ilə bağlı şikayəti təxribat adlandırıb.

Partiyanın bəyanatında deyilir ki, yanvarın 13-də Müsavat Partiyasının başqanı və prezidentliyə namizəd İsa Qəmbərin Lənkəran şəhərinə səfərinin qarşısını almaq ücün onun həyatına sui-qəsd etməkdən belə çəkinməyən hakimiyyət nümayəndələri bu səfərin təşkilatçısı, sosial şəbəkələrdə daima fəal olan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovu cəzalandırmaq ücün 6 aydır ki, fikirləşirdilər.

“Lənkəranda hamının narkoman kimi tanıdığı bir nəfərin çayxanada Yadigar Sadıqovu təxribata çəkmək planı baş tutmadıqda , təşkilatçılar uydurma şikayətin “ Səs “ informasiya agentliyinə ötürülməsinə nail ola biliblər. Həmin şəxsin kim tərəfindən, harada, hansı şəraitdə döyülməsi müəmma olaraq qalır. “Azərtac” dövlət agentliyinin hadisəni hələ hüquq mühafizə orqanları araşdırmamış Yadigar Sadıqovu günahlandıran informasiya verməsi bu işin qurama olduğunu sübut edir. Məqsəd Yadigar Sadıqovu şərləyərək həbs etməkdir”.

Sənəddə Sadıqovun mənzilinin qarşısında naməlim şəxslərin peyda olduğu diqqətə çatdırılır.

“Müsavat Partiyası həyata keçirilən bu təxribat hadisəsini ölkədə qanunsuzluğun baş alıb getməsi hesab edir, müvafiq dövlət qurumlarından qanuna zidd əməllərin qarşısının alınmasını, Yadigar Sadıqovun normal fəaliyyət göstərməsinin təmin edilməsini və günahkarların cəzalandırılmasını tələb edir”, bəyanatda deyilir.

Yadigar Sadıqov indiyədək hüquq-mühafizə orqanlarına çağırılmadığını bildirib. O, həmçinin evinin qarşısında mülki geyimli şəxslərin keşik çəkdiyini təsdiq edib.

Baş verənlə bağlı rəsmi orqanlar indiyədək münasibət bildirməyib.
XS
SM
MD
LG