Accessibility links

Müsavat başqanının müşaviri saxlanıb


Yadigar Sadıqov və Müsavat Partiyasının başqanı İsa Qəmbər
Yadigar Sadıqov və Müsavat Partiyasının başqanı İsa Qəmbər

Yadigar Sadıqovun əlilin şikayəti əsasında saxlanıldığı bildirilir. Müsavat Partiyası Sadıqovun saxlanmasını təxribat adlandırıb

Müsavat Partiyasının başqanının müşaviri Yadigar Sadıqov Lənkəranda saxlanılıb.
Partiyanın sədr müavini Gülağa Aslanlı Amerikanın Səsinə bildirib ki, Sadıqov bu gün 25 iyun hadisəsi ilə əlaqədar yerli polisə çağırılıb və saxlanıb.

Öz növbəsində, DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə bildirib ki, Sadıqov 221.3-cü (xuliqanlıq) maddə üzrə cinayət işinin təhqiqatı ilə əlaqədar polisə çağırılıb.

Sadıqovla bağlı Rəşid Kərimov adlı ikinci qrup Qarabağ müharibəsi əlili şikayət yazıb. Bu şəxsin iddiasına görə, Sadıqov və daha iki nəfər iyunun 25-də onu döyüb.

Mənsurzadənin sözlərinə görə, istintaq hərəkətləri davam etdirilir, istintaqın gedişatından asılı olaraq Sadıqovun həbs edilib-edilməyəcəyi haqqında qərar qəbul ediləcək.

Xatırladaq ki, bir müddət əvvəl Sadıqov Kərimovla hər-hansı münaqişəsi olduğunu təkzib edib və hakimiyyətin ona qarşı təxribat hazırladığını iddia edib.

Sadıqova qarşı təzyiqin səbəbi onun siyasi fəaliyyəti və xüsusən bu ilin yanvarında Müsavat lideri İsa Qəmbərin Lənkərana səfərinin hazırlanması ola bilərdi. Həmin vaxt İsa Qəmbərin Lənkəranda partiya fəalları ilə görüşünə imkan verilməmişdi.
XS
SM
MD
LG