Fevralın 8-də Park İnn otelində Avropa İttifaqı (Aİ) Nümayəndəliyi Demokratiya və İnsan Hüquqları üzrə Avropa Aləti (DİHAA) və Qeyri-Dövlət İştirakçıları (QDİ) proqramları çərçivəsində seçilmiş 16 layihəni elan edib. Tədbirdə seçilmiş 16 layihənin maliyyələşdirilməsi məqsədilə ayrılmış 2.7 milyon AZN məbləği üzrə sazişlər imzalanıb.
Layihələr əlil uşaqlar və ya kor insanlar kimi əhalinin zəif qrupları üçün daha yaxşı imkanların təmin edilməsindən başlayaraq azad media, vətəndaş cəmiyyətinin dəstəklənməsi və ətraf mühitin qorunması üzrə sahələri əhatə edir.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, 16 yeni layihənin icrası bütün Azərbaycan xalqına fayda gətirəcək.
“Bizim məqsədimiz bu il daha çox iş görməkdir. Avropa İttifaqı Azərbaycanda ən böyük xarici donordur. Bu, Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi baxımından da belədir. QHT-lər Aİ-nin yardım göstərdiyi fundamental tərəfdaşlardır və tərəfdaş ölkələrin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır”,- o bildirib.
Onun sözlərinə görə, layihələrin Azərbaycan regionları əhatə etməsi də önəmlidir: “Bu layihələr konkret siqnallardır. Avropa İttifaqı vətəndaş cəmiyyətinin rolunun artırılmasını istəyir. Çünki ölkənin taleyində vətəndaş cəmiyyətləri çox böyük komponentdir”.
R.Kobia deyib ki, Qeyri-Dövlət İştirakçıları (QDİ) alətinin məqsədi davamlı inkişaf kontekstində yoxsulluğun azaldılmasına töhfə verməkdir: “Qeyri-Dövlət İştirakçılarının siyasətin hazırlanması prosesinə cəlb olunması vacibdir. Əhalinin ən yoxsul qruplarına baza xidmətlərinin göstərilməsi üçün onların qabiliyyəti artırılmalıdır”.
Sazişləri imzalayan qeyri- hökumət təşkilatlarının təmsilçiləri layihələrin uğurla həyata keçiriləcəyini və bu layihələrin ölkənin Avropaya inteqrasiyasına təkan verəcəyini bildiriblər.
Xatırladaq ki, Avropa İttifaqı 2007-2010-cu illərdə Azərbaycanda DİHAA və QDİ alətləri çərçivəsində 20 layihənin maliyyələşdirilməsinə 4.7 milyon avro xərcləyib.
Qeyd edək ki, layihələri dəstəklənən QHT-lərin sırasında Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu, İnsan Hüquqları Evi Şəbəkəsi, Seçki Monitorinq Mərkəzi, İnternyus Azərbaycan, UNİSEF, İqtisadi Araşdırmalar Mərkəzi və digərləri var.
Layihələr əlil uşaqlardan başlayaraq azad media, vətəndaş cəmiyyətinin dəstəklənməsi və ətraf mühitin qorunması üzrə sahələri əhatə edir.