Mərkəzi qərargahı NyuYorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) “Mətbuata hücum” adlı illik icmalını açıqlayıb.
Turan Agentliyinin sənədə istinadən yaydığı məlumata görə, icmalda dünyada hüquq pozuntuları ilə bağlı ciddi tendensiyalar əksini tapıb.
“Siyasi etirazların, ekoloji fəlakətlərin və digər hadisələrin effektiv işıqlandırılması informasiya senzurası şəraitində mümkün deyil”, - JMK-nin icraçı direktoru Coel Saymon bildirib.
“İnformasiya qlobalizasiyası əsrində senzura insan haqlarının transmilli pozuntusu hesab olunur”.
JMK-nın məlumatına görə, Avropada və Şərqi Asiyada avtoritar dövlətlər özlərini daha cəsarətli aparır, nəinki mətbuat azadlığı haqqında bəyan edilmiş standartlardan geri çəkilən bəzi qərb dövlətləri. “Mətbuata hücum” illik nəşr JMK ekspertlərinin hazırladıqları analitik materialları və 100-dən çox ölkədə mətbuatın işinin vəziyyətinə dair icmalı, həmçinin mətbuat azadlığının pozulmasına dair regional məlumatları oxuculara təqdim edir.
İcmalda ayrı-ayrı işlə üzrə informasiya və 2011-ci ildə jurnalistlərin qətli (46) və həbs cəzası (179) üzrə statistika dərc edilib.
Azərbaycana aid bölmədə deyilir ki, “Eurovision” mahnı müsabiqəsinə hazırlıq ərəfəsində ölkə hakimiyyəti KİV-də tənqidə qarşı dözümsüzlük nümayiş etdirməkdə davam edib.
Uydurma ittihamla həbs olunan Eynulla Fətullayev dörd ildən sonra azadlığa çıxıb. O, hətta Avropa İnsan Haqları Məhkəməsinin azadlığa buraxılması barədə qərarından bir il sonra azadlığa buraxılıb.
Həssas mövzuları işıqlandıran azərbaycanlı jurnalistlərə hücumlar cəzasız qalır. Publisist Rafiq Tağı islam və hökumət haqqında tənqidi yazıılarına görə Bakıda küçədə hücuma məruz qalıb və aldığı bıçaq yarasından həlak olub.
The Washington Post və The New York Times üçün yazan amerikalı jurnalist Amanda Erikson, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun britaniyalı əməkdaşı Siliya Devis iyunda Bakıdakı çoxmənzilli evlərinin yaxınlığında hücuma məruz qalıb. Müxalifətdə olan “Azadlıq” qəzetinin əməkdaşları Ramin Deko və Seymur Həziyev 2011-ci ilin yazında döyülüb. Sentyabrda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun jurnalisti İdrak Abbasovun evinə hücum olub. Hücum edənlərin şəxsiyyəti müəyyən edilməyib. Müstəqil “Xural” qəzetinin əməkdaşı ilin sonunda əsassız ittihamla həbs olunub. 2011-ci ildə xarici jurnalistlərə qarşı düşmənçiliyin artdığı müşahidə olunub: insan haqlarına dair sənədli film çəkən İsveç televiziyasının üzvləri ölkədən çıxarılıb; erməni mənşəli olduğuna görə bir fotomüxbirin ölkəyə gəlişi qadağan olunub. Ölkə boyunca yayımlanan doqquz televiziya stansiyasından yalnız ANS TV müstəqil olub. Digər stansiyalar birbaşa dövlətə məxsus olub və ya administrasiyaya loyal şəxslərin nəzarətində olub. Öz redaksiya siyasətinə görə, ANS ildən-ilə dəfələrlə senzura obyektinə çevrilməli olub. 2000-ci ildə Çeçenistanın səhra komandiri Şamil Basayevlə müsahibə efirə getməzdən 15 dəqiqə əvvəl hakimiyyət ANS-in elektrik enerjisini kəsib. 2006-cı ilin sonunda hökumət ANS telekanalını iki həftəliyə bağlayıb. Hakimiyyət şirkətin “KİV haqqında” qanunu pozduğunu və vergini ödəmədiyini bəhanə gətirərək telekanalın ofisini möhürləyib, avadanlığını müsadirə edib. 2007-ci ildə siyasi səbəblərlə lisenziyası beş ay müddətinə dayandırıldıqdan sonra ANS öz reportajlarının tənqidi tonunu bir qədər yumşaltmağa məcbur olub. 2010-cu ildə ANS-ə qarşı siyasi motivli vergi yoxlaması aparılıb. Buna telekanalın parlament seçkilərində səsvermə zamanı baş vermiş maxinasiyalar barədə məlumat verməsi səbəb olub.
Azərbaycan hakimiyyəti isə ölkədə söz və mətbuat azadlığının təmin edildiyini iddia edir. Rəsmi şəxslər 1997-ci ildən ölkədə
senzuranın ləğv edildiyini, mediaya dövlət dəstəyi verildiyini bildirir. Dövlət başçısı çıxışlarında dəfələrlə beynəlxalq təşkilatların tənqidlərini əsassız və qərəzli adlandırıb. Onun sözlərinə görə, ölkədə media və internet azadlığı tam təmin edilib. İstənilən insanın ölkə ərazisində sərbəst internetə çıxışı təmin edilib.
Qurum bildirir ki, həssas mövzuları işıqlandıran azərbaycanlı jurnalistlərə hücumlar cəzasız qalır. Publisist Rafiq Tağı islam və hökumət haqqında tənqidi yazıılarına görə aldığı bıçaq yarasından həlak olub.