Azərbaycanlılar ATƏT PA müşahidə missiyasının rəhbərinin partiyasının qarşısında aksiya keçirib

Almaniyada etiraz (Foto Azadlıq qəzetindən götürülüb)

Azərbaycanlı mühacirlər Azərbaycanda prezident seçkilərini müsbət qiymətləndirən deputata Almaniyada etiraz edib. Deputat fikirlərinin təhrif olunduğunu bildirib
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Almaniyalı millət vəkili Doris Barnettin yaşadığı Ludviqshafen şəhərində onun üzvü olduğu Sosial Demokrat Partiyasının (SPD) qərargahı önündə etiraz aksiyası kecirib.

Mainz Azərbaycan cəmiyyətinin məlumatına görə, deputat Doris Barnett Azərbaycanda 9 oktyabr prezident seçkisini ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri kimi izləyib. O, Assambleyanın oktyabrın 13-də Monteneqronun Budva şəhərində keçirilən payız sessiyası çərçivəsində Daimi Komitənin iclasında Azərbaycandakı seçkilər haqda müsbət fikirlər səsləndirib. Xanım Barnett seçkinin yaxşı hazırlandığını və bir çox cəhətlərinə görə Almaniyadakı seçkilərdən fərqlənmədiyini qeyd edib.

Azərbaycanlı mühacirlər də onun bu qiymətləndirməsinə etiraz ediblər. Etirazçılar Azərbaycandakı prezident seçkilərində saxtakarlığa niyə göz yumdunuz!”, “Dünya korrupsiyaya yox deyir, Siz demokratiyanın linç edildiyi bir seçimə nədən legitimlik qazandırırsınız!“, “Avropa demoktratiyası bumu!, “Almaniya siyasəti dünyaya sizin dilinizdənmi xitab edir!”, “Korrupsioner Əliyev hakimiyyətinə qucaq açan siyasətçilərə ar olsun!”, “Demokratiya bütün xalqların haqqıdır! məzmunlu şüarlar qaldırıb. Azərbaycan hakimiyyətinin "kürü diplomatiyasına" uyan avropalı siyasətçilərin ifşa olunacaqları və öz hərəkətlərinə görə cavab verəcəkləri bəyan olunub.

Barnett etirazçıların qarşısına çıxıb və iradları dinləyib. Etirazçılar xanım Barnetti “Azərbaycan xalqına və Avropa demokratiyasına hörmətsizlik etdiyi üçün“ üzr istəməyə çağırıblar.

O bildirib ki, fikirləri təhrif olunub: “Mənim fikirlərimi kəsiblər və ortada belə bir mənzərə yaranıb. Axı mən necə deyə bilərəm ki, Azərbaycanda seçkilər Almaniyadakı seçimlərdən fərqlənməyib. Mən seçkiyə texniki hazırlığı müsbət dəyərləndirmişəm. Müşahidəni isə yalnız bir məntəqədə apara bilmişəm. Digər məntəqələrə getmək istəsəm də, imkan verilməyib. Rəsmi səhifəmdə də məlumat verilmişdi ki, mən əsasən Bakının mərkəzindəki məntəqələrdə müşahidə aparacam. Lakin məni Salyandakı 59 saylı məntəqədən kənara çıxmağa qoymadılar. ATƏT-in uzunmüddətli missiyası artıq seçkiyə öz obyektiv münasibətini bildirib. Azərbaycanda fundamental azadlıqların, mətbuat azadlığının olmadığı, siyasi məhbusların mövcudluğu, müxalifətə təzyiqlərin göstərildiyi faktdır“, o qeyd edib.