Milli Təhlükəsizlik Nazirliyinin generalı həbs edilib

Akif Çovdarov (Foto Virtualaz.org saytınındır)

Səbayel Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb.

Virtualaz.org saytının məlumatına görə, məhkəmə Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Sayt bildirir ki, A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib.

Məlumatda deyilir ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.

A.Çovdarov məhkəmədən Bakı İstintaq Təcridxanasına aparılıb.

Akif Çovdarov barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə rəsmi orqanlar hələ məlumat yaymayıb.

Xatırladaq ki, oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib. Bundan sonra, prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1(vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə cinayət işi başlanıb.

İndiyədək Milli Təhlükəsizlik Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nairliyinin çoxsaylı yüksək vəzifəli əməkdaşları həbs edilib.