Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin fevralın 17-də yaydığı məlumata görə, Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.
Rəsmi Bakı həmçinin beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəklədiyini vurğulayıb.
“Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir”, Nazirliyin məlumatında vurğulanır.
Azərbaycanın Suriyadakı səfiri və Səfirliyin əməkdaşları 2012-ci ilin avqustunda ölkəni tərk etmişdi.
Suriyada Bəşar Əl-Əsəd rejiminin çökməsindən sonra Azərbaycan XİN ötən il dekabrın 10-da bəyanat yayaraq, iki ölkə arasında ikitərəfli münasibətlərin bərpa olunacağına ümidini ifadə edib.
Ötən il dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Dəməşqdə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə Azərbaycanın “bu yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu”nu bildirib.
Rəfiyev ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlamasının planlaşdırıldığını vurğulayıb.
Nazir müavininin Dəməşqə səfərindən sonra dekabrın 30-da Azərbaycan Suriyaya ilk humanitar yardım karvanını göndərib.
Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən Azərbaycanın Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə dayanacağını bəyan edib.
“Suriya məsələsində Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulandı ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır”, Prezident Əliyev fevralın 13-də deyib.