Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində ölkədə iqtidar-müxalifət münasibətləri, son həbslər və Avropaya inteqrasiya sahəsində durumdan danışıb.
Amerikanın Səsi: Azərbaycan çoxsaylı beynəlxalq və yerli tənqidlər fonunda jurnalistlərin, ictimai-siyasi fəalların həbsini davam etdirir. Sizcə bunun səbəbləri nədir?
Gültəkin Hacıbəyli: Bunun bir neçə səbəbi var. Amma ən əsas səbəbi ondan ibarətdir ki, hal-hazırda dünyada yaranmış ümumi geosiyasi konyunktur fonunda, xüsusilə də Ukrayna-Rusiya savaşının davam etməsi fonunda, Yaxın Şərqdə gərginliyin artması fonunda Azərbaycan məsələsi və Azərbaycan kimi avtoritar ölkələrin məsələsi öz aktuallığını qazanmayıb. Əksinə, aktuallığını müəyyən dərəcədə itirib. Hal-hazırda məlum səbəblərdən Azərbaycan mövzusu dünya siyəsətinin prioriteti deyil. Amma, Azərbaycan mövzusu danışıq masasına yatırılsa, söhbət ancaq Azərbaycan və Ermənistan nizamlanmasından gedir. Bu prizmadan, bu rakusdan Avropanı da, ABŞ-ı da Azərbaycan maraqlandırır. Amma hələ ki, Azərbaycanda insan hüquqları məsələsinə dair biz gözlədiyimiz beynəlxalq basqılar yoxdur.
Amerikanın Səsi: Azərbaycan hökumətinin fikir azadlığı, media azadlığı ilə bağlı həm konstitusiya öhdəliyi, həm də beynəlxalq öhdəlikləri var. Bu mənada ölkədə bu öhdəliklər nə qədər yerinə yetirilir?
Gültəkin Hacıbəyli: Azərbaycanda insan haqları və azadlıqlarının, demokratiyanın ümumi durumu göz önündədir. Bu durum dünyanın ən mötəbər beynəlxalq təşkilatları tərəfindən dəfələrlə dəyərləndirilib. Azərbaycan bu məsələlərdə müxtəlif reytinqlərin dibindədir. İstər söz azadlığı olsun, istər iqtisadi azadlıqlar olsun durum ildən-ilə ağırlaşır. Yəni burada dinamika ancaq mənfiyə doğru dinamikadır. Müsbət heç bir dəyişiklik yoxdur. Təsadüfi deyil ki, ölkədə 300-dən artıq siyasi məhbus var. Son günlərin həbsləri onu göstərir ki, Azərbaycan hakimiyyəti insan haqları və demokratiya məsələsində geri addım atmaq niyyətində deyil.
Your browser doesn’t support HTML5
Gültəkin Hacıbəyli: Azərbaycan hakimiyyətinin cəmiyyətlə dialoqa getməsi çox vacibdir
Amerikanın Səsi: Bir sıra ekspertlər son zamanlar Azərbaycan hökumətinin Avropanın demokratik institutları ilə münasibətlərində geriləmələr olduğunu bildirir. Sizcə bu reallığı əks etdirirmi?
Gültəkin Hacıbəyli: Bəli, bu reallığı əks etdirir. Azərbaycan hakimiyyətinin bir tərəfdən Avropa ilə çox dərin əlaqələri var. Bu iqtisadi əlaqələrdir. Çünki, Azərbaycanın ən böyük tərəfdaşı hələ də Avropa İttifaqıdır. Bu istiqamətdə əməkdaşlıq davam edir. Amma, siyasi müstəviyə gəlincə biz Avropa Parlamenti səviyyəsində Azərbaycan hakimiyyətinə insan haqları, demokratiya, Qarabağ məsələsi ilə bağlı dəfələrlə xəbərdarlıqlar edildiyini görmüşük. Mən Qarabağ məsələsi ilə bağlı Avropa Parlamentini haqlı hesab etmirəm. Amma insan haqları və demokratiya məsələləri ilə bağlı bütün tələblər, tənqidlər əsaslıdır. Hətta Azərbaycanda olan gerçək durumu tam dolğunluğu ilə əks etdirmir. O baxımdan Avropa Parlamenti ilə Azərbaycan hakimiyyəti arasında müəyyən gərginlik var. Amma bilirsiniz ki, biz Avropanın hal-hazırda əlinin-qolunun bağlı olduğunu görürük. Avropa Rusiya-Ukrayna savaşı ilə bağlı çox çətin durumdadır. Bu durumda görünür Azərbaycan ilə də münasibətlərini qırılma həddinə gətirmək istəmir. Heç də təsadüfi deyil ki, bu günlərdə Avropa İttifaqının genişlənmə üzrə komissarı Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunu ifadə edib.
Amerikanın Səsi: Azərbaycan hökumətinin ölkədə müxalifətlə münasibətlərində dialoq mühiti mövcuddurmu? Sizin baxışınızla iqtidar-müxalifət münasibətləri necə nizamlanmalıdır?
Gültəkin Hacıbəyli: Söhbət sivil ölkələrdən gedirsə iqtidar-müxalifət münasibətlərinin sivil nizamlanma yolları var. Amma, Azərbaycan kimi avtokratik ölkələrdə bu imkanlar yoxdur. Hətta biz Azərbaycanı insan hüquqları və demokratiyanın vəziyyətinə görə yalnız Belarus, Rusiya, Orta Asiya ölkələri ilə müqayisə edə bilərik. Bu tipli ölkələrdə nəinki iqtidar-müxalifət dialoqu yoxdur, ümumiyyətlə müxalifət yoxdur. Ölkə içində müxalifətin mövcudluğundan belə söhbət gedə bilməz. O baxımdan Azərbaycan təəssüf ki, sağlam dialoq müstəvisindən çox uzaqdır. Təbii ki, bu bizim hər birimizin arzuladığımız məqamdır. Həm də ona görə ki, ölkənin çox ciddi problemləri var. Ölkənin qarşısnda həll olunmalı çox ciddi problemlər var. Birinci geosiyasi məsələlərdən danışım. Rusiya ilə, İranla Azərbaycan kəskin ziddiyyət halındadır. Vaxtaşırı olaraq bu ziddiyyətlərin üstü örtülür. Amma, mahiyyət etibarı ilə biz Rusiyanın bölgəmizdə olan marağını bilirik. Rusiyanın Cənubi Qafqazda işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini bilirik. İranla bağlı gərginlik artmaqdadır. Üzdən görünən odur ki, İran rejimi Azərbaycan hakimiyyəti ilə münasibətlərini normallaşdırmağa çalışır. Amma, nəzərə alsaq ki, İranı ciddi konfliktlər gözləyir. İranın yaxın bir neçə ayda durumu necə olacaq və İran ətrafında yaranmış vəziyyət Azərbaycanı necə təsirləndirəcək? Bu, ciddi məsələlərdir. Yəni bu geosiyasi problemlərdir ki, Azərbaycan məhz bu problemlərdən qorunmaq üçün daxildə öz vətəndaş cəmiyyəti ilə açılıma getməlidir. Öz xalqı ilə bütövləşməyi bacarmalıdır. O cümlədən iqtidar-müxalifət dialoqu da buna xidmət etməlidir. Digər, bundan heç də az önəm daşımayan məsələ, ölkənin sosial-iqtisadi durumudur. Ölkənin iqtisadiyyatı böhran vəziyyətindədir. Ölkənin iqtisadiyyatı haqqında danışarkən biz neft və qaz ixracından başqa bir məhsulun ixracından danışa bilmirik. Ölkədəki bu ağır sosial-iqtisadi gərginlik fonunda, bu gərginlik məsələn, İmişli hadisələrində çılpaqlığı ilə üzə çıxdı. Hadisələr zamanı insanların qəzəbi, insanların hakimiyyətdən narazılığı çılpaqlığı ilə göründü. Bu fonda ölkədə sosial-iqtisadi gərginliyin azalması üçün, ən azı bu gərgin durumun saxlanmaması üçün Azərbaycan hakimiyyətinin cəmiyyətlə açılıma getməsi çox önəmlidir.
Qeyd: Bu, Gültəkin Hacıbəylinin fikirləridir. Azərbaycan hakimiyyəti ölkədə siyasi məqsədli həbslərin olmadığını, fundamental hüquqların tam təmin edildiyini bəyan edir. Hökumət insanların sosial-iqtisadi durmunu daim dəqqətdə saxldığını, son illərdə əmək haqlarının, pensiyaların bir neçə dəfə artırıldığını bildirir. Həmçinin hökumət qeyd edir ki, ölkədə işsizliyin səviyyəsi 5 faiz ətrafındadır.
Azərbaycan iqtidarı Avropa İttifaqı ilə ilə ikitərəfli əməkdaşlığa üsütnülk verdiyini bildirir. Hökumət rəhbərləri ikitərfli əməkdaşlıqda başlıca istiqamət kimi Avropanın enerji təchizatında, həmçinin qazla təchizatında Azərbaycanın mühüm rolunu qeyd edir.
Bununla yanaşı, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Avropa İttifaqı və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Saziş əsasən siyasi, təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir.
"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının beş qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan daxildir.
Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq hələlik Avropa İttifaqı ilə Azərbaycan bu sazişi imzalamayıb.