“Biz digər dövlətlərlə olduğu kimi Azərbaycan hakimiyyəti ilə də dialoqun, Avropa Şurasının təsis sənədlərində təsbit olunmuş bütün prinsiplərə hörməti təşviq etməyin qəti tərəfdarıyıq”.
Bu sözləri Lüksemburqun Baş naziri Lyuk Friden Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu həftə baş tutan plenar iclası çərçivəsində deputatların suallarını cavablandırarkən deyib.
Yanvarın 29-da baş tutan mübadilə zamanı Avropa Xalq Partiyası siyasi qrupu adından çıxış edən norveçli deputat İnqyerd Şou Azərbaycanın öhdəliklərinə məhəl qoymadığını, ölkədə repressiyaların kəskinləşdiyini vurğulayıb və hazırda Lüksemburqun sədrlik etdiyi Avropa Şurası Nazirlər Komitəsinin bu istiqamətdə hansı addımlar atdığını soruşub.
Avropa İnsan Hüquqları Konvensiyasındakı prinsiplərin ölkəsi üçün çox mühüm olduğunu deyən Lyuk Friden qeyd edib ki, azərbaycanlılar müstəqillik əldə etdikdən bəri bir sıra islahatların həyata keçirilməsində Avropa Şurasının göstərdiyi dəstəkdən bəhrələnib və onlar bundan sonra da Azərbaycanı buna təşviq edəcəklər.
“Avropa Şurasının müsbət cəhətlərindən biri də odur ki, biz Azərbaycan da daxil olmaqla bu ölkələrin nümayəndələri ilə görüşməyə, fikir mübadiləsi aparmağa imkanımız var və biz onlara insan hüquqlarının nə olduğunu göstərə, onları öz ölkələrində həyata keçirməyə təşviq edə bilərik”, Friden vurğulayıb.
Lüksemburqun hökumət başçısı bu baxımdan Azərbaycanla təmasların açıq saxlanılmasının tərəfdarı olduğunu bildirib.
“Hesab edirəm ki, nazirlərin və parlamentin ümumi vəzifəsi kanalları açıq saxlamaq və onlarla məsələ ətrafında müzakirələri davam etdirməkdir”, Friden əlavə edib.
2024-cü ilin yanvarında etimadnaməsi ratifikasiya edilməyən Azərbaycanın nümayəndə heyəti Assambleyanın bu həftə keçirilən qış plenar iclasında da iştirak etməyib.
İnqyerd Şou qeyd edib ki, Azərbaycan artıq bir ildir Avropa Şurasının prinsiplərinə hörmət etməklə bağlı Assambleyanın çağırışlarına tamamilə məhəl qoymur.
“Siyasi məhbusların sayı artıb və vətəndaş cəmiyyəti, media və digər hökumət tənqidçilərinə qarşı təzyiqlər artmaqda davam edir”, norveçli deputat əlavə edib.
AŞPA həmçinin 2024-cü il ərzində apardığı monitorinq prosedurunun nəticələrinə dair bazar ertəsi qəbul etdiyi qətnaməsində Azərbaycanda demokratiyanın, qanunun aliliyinin və insan haqlarının vəziyyətinin daha da pisləşməsindən, o cümlədən siyasi və vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə qarşı davam edən repressiyalarla bağlı “ciddi narahatlıq” ifadə edib.
Forum