Gürcüstan həbsxanasında quru aclıq edən azərbaycanlı jurnalist su qəbuluna başlayıb

Əfqan Sadıqov

Əfqan Sadıqov

Fevralın 2-dən Tbilisi həbsxanasında quru aclığa keçən Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqov fevralın 6-da su qəbuluna başlayıb. Bununla yanaşı, Sadıqov aclığı davam etdirir. Jurnalist hazırda qida qəbul etmir. O ümumilikdə 142 gündür aclıq edir.

Bu barədə onun vəkilinə istinadən həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

Gürcüstanın Sosial Ədalət Mərkəzi (SƏM) də jurnalist Əfqan Sadıqovun səhhəti ilə bağlı açıqlama yayıb.

“Fevralın 2-dən quru aclıq keçirən Əfqan Sadıqovun səhhəti fevralın 5-də son dərəcə ağırlaşıb və bir neçə saat huşsuz vəziyyətdə qalıb. Jurnalistin quru aclıq aksiyasına keçməsi onun həbs müddətinin 3 ay uzadılması ilə bağlı olub. Fevralın 6-da ailəsinin tələbi və vəkillərinin tövsiyəsi ilə Əfqan Sadıqov tam aclıq aksiyasını davam etdirsə də, su içməyə razılaşıb”, Sosial Ədalət Mərkəzi qeyd edib.

Açıqlamada deyilir ki, fevralın 5-də Əfqan Sadıqovun səhhəti son dərəcə pisləşdiyindən 18 saylı Təqsirləndirilənlər və Məhkumlar üçün Müalicə Müəssisəsinin həkimləri müdaxilə edib və o, böhrandan çıxarılıb, hazırda vəziyyəti stabildir.

"Əfqan Sadıqov 142 gündür təqsirləndirilən şəxslər və məhkumlar üçün 18 saylı Müalicə Müəssisəsində aclıq aksiyası keçirir və səhhəti son dərəcə ağırdır. Hazırda onun çəkisi 56 kiloqramdır ki, həbs olunduqdan sonra onun çəkisi 40 kiloqramdan çox azalıb. Müəssisənin həkimlərinin qiymətləndirməsinə görə, onun səhhəti uzun müddət davam edə bilməz. Əfqan Sadıqov iki avtoritar hökumətin ədalətsiz rəftarına və qərarlarına cavab olaraq 21 sentyabr 2024-cü ildə aclıq aksiyasına başlayıb. Aclıq aksiyasının 17-ci günündə səhhəti o qədər pisləşib ki, 18 saylı tibb müəssisəsinə köçürülüb və bu günə kimi orada qalır”, açılamada deyilir.

Əfqan Sadıqovun 2020-ci ildə Azərbaycanda qanunsuz həbsindən sonra 7 il müddətinə azadlıqdan məhrum edilərkən 242 gün aclıq aksiyası keçirməsi də onun səhhətini çətinləşdirir.

"Sadıqovun Gürcüstanda hazırda uzun müddət ərzində aclıq etməsi səbəbindən səhhəti o qədər pisləşib ki, xaricdə uzunmüddətli reabilitasiya və müalicə zərurəti yaranıb", Sosial Ədalət Mərkəzinin açıqlamasında deyilir.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.

Ötən il iyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.

2024-cü il avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.

Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.

İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə - “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.

2024-cü il avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq ekstradisiya həbsi qərarı verib.

Avqustun 8-də “Gürcüstanın Hüquqları” təşkilatının vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək, Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.

2024-cü il avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Hazırda Əfqan Sadıqovun ailə üzvləri təhlükəsizlik səbəbindən Gürcüstandan üçüncü ölkəyə gedib.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.