Azərbaycan və Türkiyə regional və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıq gündəliyini müzakirə edib

Hakan Fidan və Ceyhun Bayramov.

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycanda səfərdədir. O yanvarın 18-də Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.

Danışıqlarda təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq gündəliyi, xüsusilə Yaxın Şərqdəki vəziyyət əsas mövzu olub.

Görüşlərin yekunu olaraq keçirilən mətbuat konfransında nazirlər bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri ən müxtəlif platformalarda inkişaf edir.

Ceyhun Bayramov bildirib ki, 10 gün sonra, yanvarın 29-da Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüş olacaq.

Nazirlərin müzakirə etdikləri əsas məslələrdən biri də regional təhlükəsizlik, yeni Suriya hakimiyyətinə dəstək olub.

Nazir Bayramov deyib ki, Suriyada ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq.

“Azərbaycan Suriyaya müxtəlif istiqamətlərdə yardımlar göstərəcək. Suriyanın beynəlxalq münasibətlər sistemində tam yer alması vacibdir. Bu sahədə də Suriyaya tam dəstək göstərməyə hazırıq”, o vurğulayıb.

Bayramov deyib ki, Qəzzada atəşkəsə nail olunması mühüm hadisədir.

“Azərbaycan iki dövlətli həll yolunu dəstəkləyir”, o qeyd edib.

Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, Qəzzada 15 aydır davam edən "qətliamın dayanması" önəmlidir.

“Qəzzada qətliamlar beynəlxalq qurumlara etimadın sarsılmasına səbəb olub. Ümid edirik ki, Qəzzada atəşkəs davam edəcək, humanitar yardımlar çatdırılacaq. Qəzzalıların evlərinə dönməsi vacibdir, söhbət evlərindən çıxmağa məcbur olmuş 2 milyon insandan gedir. Bu istiqamətdə Türkiyə digər dövlətlərlə birgə əlindən gələni etməyə hazırdır. Türkiyə iki dövlətli həll yolunu dəstəkləyir. Iki dövlətli həllin təmin olunması vacibdir və Türkiyə bu məsələdə əlindən gələni etməyə davam edəcək”, Fidan qeyd edib.

Ceyhun Bayramov Azərbaycan-Ermənistan arasında normallaşma barədə türkiyəli həmkarını məlumatlandırdığını bildirib.

“Cənubi Qafqazda sülh hər kəsin xeyrinədir”, Türkiyə xarici işlər naziri qeyd edib.

Hakan Fidan deyib ki, Ceyhun Bayramovla görüşdə Azərbaycanla Ermənistan arasında delimitasiya, münasibətlərin normallaşması diqqət mərkəzində olub.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyasının işə başlaması barədə əldə olunan razılıq önəmli addımdır.

Fidan hesab edir ki, Azərbaycan və Türkiyə regional sülh və sabitlik üçün güclərini birləşdirir.

“Iki ölkə bu güc və potensiala malikdir. COP-29 zamanı Azərbaycanın göstərdiyi potensial və bacarıq hər cür təqdirə layiqdir”.

Nazir Fidan həmçinin, çoxtərəfli formatlarda əməkdaşlığın da genişləndiyini qeyd edərək, Türkiyənin Azərbaycanın Suriyadaki səfirliyinin fəaliyyətə başlamasında lazım olan dəstəyi verəcəyini vurğulayıb.

“Türk Dövlətləri Təşkilatının (TDT) daha təsiredici hala gəlməsi strateji addımdır. 170 milyon insanı əhatə edən TDT-nin həmrəyliyini, layihələrini və bu çərçivədə əməkdaşlığı daha da irəliyə götürmək üçün işlər görülür”, o qeyd edib.

Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, 2025-ci ildə Macarıstanda, daha sonra isə Azərbaycanda TDT Zirvə sammitinin keçirilməsi nəzərdə tutulur.

Nazirlər iki dövlət arasında artan iqtisadi və ticarət əlaqələrini də qeyd edib. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolunda yük daşımalarının ildə 1 milyon tondan 5 milyon tonadək artırılması, Bakı Dəniz Limanının imkanlarının genişləndirilməsi və Orta Dəhlizlə yükdaşımaların artım potensialı qeyd edilib.

"Xəzər bölgəsi və Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində də Azərbaycanla Türkiyə arasında çox yaxşı iş birliyi potensialı mövcuddur", Ceyhun Bayramov bildirib.

Nazir həmçinin bu il ixrac edilən qaz həcmlərinin artırılacağını deyib.