ABŞ konqresmeni: Azərbaycan və Ermənistan xalqları arasında sülh sazişi lazımdır

Konqresmen Co Vilson

“Bizim Qafqazı yenidən böyük, ümumi sülh və rifah üzərində qurulmuş Qafqaz etmək imkanımız var. Bunun üçün bizə böyük Azərbaycan və Ermənistan xalqları arasında sülh sazişi lazımdır”.

Bu sözləri Birləşmiş Ştatların Helinski Komissiyasının sədri, Respublikaçı konqresmen Co Vilson deyib.

“Bilirəm ki, Donald Tramp Yaxın Şərqə sülh gətirdiyi kimi Qafqaza da sülh gətirəcək”, Vilson X səhifəsində yazıb.

ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp yanvarın 20-də Vaşinqtonda and içərək vəzifəsinin icrasına başlayacaq.

Azərbaycan və Ermənistan arasında ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar prosesi dayansa da, Bakı və Yerevan yanvarın 16-da sərhədlərin delimitasiyası üzrə yeni razılaşma əldə ediblər.

Dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 11-ci görüşündən sonra verilən rəsmi açıqlamaya görə, tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Bakı və Yerevan 2024-cü il aprelin 19-da delimitasiya prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacağına dair razılıq əldə ediblər.


Bundan əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara yanvarın 7-də verdiyi müsahibəsində Ermənistan-Azərbaycan sülh prosesindən danışaraq Ermənistanın silahlanmasının regionda “yeni gərginliyə” gətirib çıxaracağını bildirmiş, həmçinin Zəngəzur dəhlizinin açılmalı olduğunu vurğulamışdı.

“Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər”, Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti həmçinin sülh müqaviləsinin imzalanması üçün ATƏT Minsk qrupunun ləğv edilməsi və Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürüb.

Ermənistanın Baş naziri Nikol Paşinyan Əliyevin silahlanma ilə bağlı ittihamlarına münasibət bildirərək deyib ki, Ermənistanın hərbi islahat gündəliyində heç bir qeyri-legitim element yoxdur.

Zəngəzur dəhlizi məsələsinə gəlincə, Paşinyan yenidən Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsini xatırladıb.

“Sülh qovşağı regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını, o cümlədən Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan marşrutu üzrə kommunikasiyaların açılmasını nəzərdə tutur”, Paşinyan deyib.

Ermənistanın Baş naziri Yerevanın sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həlli yollarını təklif etdiyini, Azərbaycandan müsbət cavab olarsa, müqaviləni imzalamağa hazır olduqlarını əlavə edib.