Bəxtiyar Hacıyev: Siyasi sifarişi ifşa etdik

Bəxtiyar Hacıyev

Sosial şəbəkələrdə və yerli mediada hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində son sözünün mətni yayılıb. Məhkəmə hüquq müdafiəçisini 10 il həbsə məhkum edib.

Hacıyev məhkəmədə son sözündə vəkillərinə, müstəqil mediaya, azad fikri ifadə edən blogerlərə, hazırda həbsdə olan dostları Rail Abbasova, hüquq müdafiəçisi Rüfət Səfərova, bir sıra Qərb dövlərlərinə, o cümlədən ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə və ABŞ-da fəaliyyət göstərən təşkilatlarda insan hüquqları və siyasi məhbus məsələsini gündəmdə saxlayan şəxslərə, ABŞ-ın Azərbaycandaki səfirliyinə, Avropa İttifaqı Şurasına, Avropa Komissiyasına, Avropa Parlamentinə, Avropa Şurasına, AŞPA-daki şəxslərə, Avropa İttifaqının Azərbaycandaki nümayəndəliyinə, Almaniya, Fransa, Niderland, Böyük Britaniya, İsveçrə, Polşa və digər Avropa ölkələrinin Xarici İşlər Nazirliklərinə və Bakıdakı səfirliklərinə təşəkkür edib.

Hacıyev ittihamın siyasi sifariş olduğu və məhkəmənin isə ittihamı müdafiə etdiyi qənaətindədir.

“Müdafiə tərəfi olaraq biz ilk məhkəmə iclasındaca siyasi sifarişlə, qeyri-peşəkarcasına qondarılmış, içi tamamilə boş olan və cinayət-prosessual qanunvericiliyin tələbləri kobud pozularaq, cinayət yolu ilə doldurulmağa çalışılan bütün ittihamları tamamilə darmadağın etdik. Növbəti iclaslarda isə istintaq orqanının özünün kibercinayətlərini, ədalət mühakiməsi əleyhinə törədilmiş cinayətləri ifşa etdik, təkzibedilməz sübutlarla ifşanı təsdiqlədik” deyərək, adına açılmış emailin saxta oldğunu qeyd edib.

Hüquq müdafiəçisi bildirir ki, həkim-ekspertlər də daxil olmaqla, bir çox qondarma şahid ifadələri Bakı Şəhər Baş Polis İdarəsində eyni adam tərəfindən “kompüterdə yığılıb, eyni şəxsin əl yazısı ilə ifadələr təsdiqlənib, həmin şəxslərin əvəzinə tamamilə başqa imzalar atılıb”.

“1200-ə yaxın sözdən ibarət iki ifadənin 900-dən çox sözünün, durğu işarələrinin və hətta,20-dən çox yazılış, hərf səhvinin eyni olmasını göstərərək bu ifadələrin istintaq orqanında köçürülərək iki şəxs adından yazılmasını sübut etdik”, o qeyd edib.

O iddia edir ki,‘’Pegasus’’ casus proqramı vasitəsi ilə izlənib, ona aid şəxsi məlumatlar kibercinayət yolu ilə ələ keçirilib".

“Bu məlumatlar daha sonra ictimai müdafiə kampaniyamı zəiflətmək üçün mənə qarşı dövlət səviyyəsində başladılmış qarayaxma kampaniyasında istifadə edilib”.

“Mənə qarşı iqtisadi cinayətlərlə bağlı irəli sürülmüş ittihamların əsası kimi guya everest.mountain.70@mail.ru ünvanından göndərilmiş anonim müraciət əsas götürülüb. Həmin “məktub” müəllifi iddia edir ki, Hacıyev xarici təşkilatlardan 200 000 manat qrant alıb, dövlət çevirilişinə hazırlaşır. Məhkəmə zalındaca həmin e-poçt ünvanına e-məktub göndərməyə cəhd edərək sübut etdik ki, belə bir e-poçt ünvanı ümumiyyətlə mövcud deyil”, hüquq müdafiəçisi son sözündə deyib.

O, dostu Rail Abbasova qarşı irəli sürülən ittihamın sifarişli oduğunu bildirib.

“Sübut etdik ki, dostum Rail Abbasova qarşı cinayət işi açılmamışdan bir neçə ay əvvəl onun əmlakının özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulub. Beləliklə də Abbasovun həbsi iddia olunduğu kimi dələduzluqla bağlı deyil. Onun həbsinin aylar əvvəl planlaşdırıldığını istintaq orqanı özü ifşa edib”.

Hacıyev hesab edir ki, ona və dostuna qarşı irəli sürülən cinayət işində “saxtalaşdırma nəinki səliqəsiz, həm də çox savadsız” həyata keçirilib.

“Hüquq-mühafizə orqanlarının ali rəhbərliyinin nəzarətində olan cinayət işində Bakıda fəaliyyət göstərən iki bankın birinin Almaniyadakı, digərinin ABŞ-daki müxbir hesablarını görərək, bir bankdakı cari hesabımdan digər bankdakı cari hesabıma köçürdüyüm vəsaiti “sizə ABŞ-dan və Almaniyadan gələn vəsaitləri araşdırırıq” deyərək araşdırıblar. Cari hesabla bankın müxbir hesabını ayıra bilməyənlərin iqtisadi cinayətləri araşdırması, dövriyyə ilə balansı səhv salanların, gəlirlə mənfəəti qarışdıranların istintaqa rəhbərlik etməkləri ayrı faciədir, bu isə belə boş, əsassız, savadsız ittihamlarla nəticələnir”, o qeyd edib.

O hesab edir ki, ittiham tərəfi köhnə taktika ilə müdafiə tərəfini 20 cildlik (cinayət işi nəzərdə tutulur-red) “kağız parçaları arasında itirməyə, boş ittihamları dolu” göstərməyə çalışsa da, özlərinin əlavə etdikləri sənədlərlə öz ittihamlarını təkzib ediblər.

“Məsələn, 2020-2022-ci illərdə Gürcüstandakı bank hesabım vasitəsi ilə xarici təşkilatlardan qrant alaraq, qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməyim iddia edilib. Gürcüstan tərəfinin də, Azərbaycan tərəfinin də təqdim etdiyi sərhədkeçmə məlumatlarından görünür ki, mən 2019-cu ildən 2022-ci ilin sonuna qədər Gürcüstanda olmamışam”.

Hüquq müdafiəçisi məhkəmə-hüquq sistemindən danışarkən deyib ki, bir ildən artıq davam edən məhkəmə müddətində yalnız və yalnız ittiham tərəfinin təqdim etdiyi “şahidlər dindirilib, yalnız və yalnız ittiham tərəfinin “sənəd”, “sübut”, “mütəxəssis rəyi”, “ekspert rəyi” və s. “tədqiq” olunub.

“Müdafiə tərəfi olaraq verdiyimiz 60-dan çox yazılı, ondan daha da çox, ümumilikdə 100-ə yaxın vəsatətlər təmin edilmədi. Bir nəfər də olsa, məhkəməyə dəvət edilərək dindirilməsini istədiyimiz şəxs şahid kimi dindirilmədi. Təqdim etdiyimiz bircə sübut da tədqiq edilmədi, bizim təşəbbüsümüzlə tək bir ekspertiza, məhkəmə eksperimenti keçirilmədi. Məhkəmənin məni nəinki ev dustaqlığına buraxmağa, heç müdafiəçilərimlə birlikdə oturmağa icazə verməyə cəsarəti çatmadı”.

O, həbsinə səbəb olan “siyasi sifariş” barədə də danışıb.

“Ölkə başçısı tez-tez çıxışlarında səsləndirir ki, Azərbaycana qarşı bənzərsiz təzyiq kampaniyası 44 günlük Vətən Müharibəsindən sonra haqlı mövqeyimizə görə başlayıb. Nədənsə, mənə qarşı da bənzərsiz təzyiq kampaniyası dostlarımla birlikdə 44 günlük Vətən Müharibəsi zamanı başladığımız “Milli Ordumuza Dəstək Aksiyası” vasitəsi ilə əsgər və zabitlərimizin yanında olduqdan sonra başladı”.

O, ailəsinin də təhqir və böhtanlara məruz qaldığını deyib. O, təhqir və böhtanın dayandırılması ilə bağlı prezidentin iki köməkçisinə və hakim ailənin ağsaqqallarından birinə bu barədə bildirdiyini xatırladıb.

“Onlara təhqirin siyasi mübarizə yolu olmadığını bildirdim. Bu görüşdən dərhal sonra dayanan kampaniya bir neçə gün sonra yenidən başladı”.

Hacıyev 2022-ci ilin may ayından etibarən iştirak etdiyi beynəlxalq tədbirlərdə, Qərb rəsmiləri ilə keçirdiyi görüşlərdə Azərbaycanda insan hüquqlarını mütəmadi pozan rəsmi şəxslərə qarşı sanksiya tətbiq edilməsini istədiyini bildirib.

“Təsadüfi deyil ki, Daxili İşlər Nazirliynin bir polkovnikinin ABŞ-ın sanksiya siyahısına düşdüyü gün həbs edilmişəm. Ölkə başçısının son müsahibəsində ifadə etdiyi kimi “böyük bir sal daşı” tərpəndi. Həbsimə razılıq alan şəxslər həbsimin zəruriliyini həm də belə əsaslandırırlar ki, guya mən Qərbin dəstəyi və Azərbaycan Ordusunun zabitlərinin köməyi ilə dövlət çevirilişinə hazırlaşıram”.

O, Azərbaycanın xarici ölkələrin, həmçinin Fransaının tənqidinə yönəlmiş fikirlərinə də münasibət bildirib.

“İnsanları şərləyərək həbsə atmağın güc yox, zəiflik, acizlik olduğunu anlamaq o qədərmi çətindir. Kiçik bir ölkədə 300-dən çox siyasi məhbusun olmasının hakimiyyətin özünə və xalqın dəstəyinə arxayın olmadığını göstərmirmi?” o qeyd edib.

“İran, Venesuela, Belarusun siyasi məhbusları azad etdiyi, Rusiyanın hətta Yaşin, Kara-Murza kimi siyasi məhbusları proksi müharibədə olduğu Qərblə mübadilə etdiyi bir vaxtda Azərbaycanın sürətlə siyasi məhbus sayının artırmasının bir qorxu göstəricisi olduğunu görmürlərmi? Bu siyasi xətt cəmiyyətə “biz o şəxslərlə ağıl, intellekt, dürüstlük, mərdlik müstəvisində mübarizə apara bilmirik, ona görə də təhqir, qarayaxma, güc, şərləmə yolunu seçirik” mesajını vermirmi?” Hacıyev əlavə edib.

O sual edir ki, bir neçə ailənin “lüks həyat yaşaması üçün yüzlərlə, minlərlə ailənin təzyiqlərə məruz qalması, milyonlarla ailənin maddi sərvətlərinin oğurlanması, gənclərin öz ölkələrinin gələcəyinə inamının öldürülməsi, tək ümidin xarici ölkələrə qaçqın, mühacir kimi getmək olduğunu göstərməkdirmi ailə dəyərləri?”

Hacıyev hakimlərə üzünü tutaraq deyib ki, məhkəmədə sübutlarından, çıxışında nə deyəcəyindən asılı olmayaraq, qabaqcadan yazılmış hökm mətnini oxuyacaqlar.

“Bununla da Məhkəmə-Hüquq Şurasının da, məhkəmələrin də azad və müstəqil olmadıqlarını göstərəcəksiniz. İttiham hökmü ilə Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətindən qorxusunu, sivil mübarizədə acizliyini təsdiq edəcəksiniz… Məncə məhşur mahnıda deyildiyi kimi, “sen de benim kadar gerçekleri biliyorsun, yavrucağım”, deyərək hakimlərə müraciət edib.

Bəxtiyar Hacıyevə qarşı cinayət işi

Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Hakimlər Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət kollegiya Bəxtiyar Hacıyevin xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirli bilib.

Onun Zərdabi küçəsindəki evi və bank hesabında olan pulu müsadirə edilib, həmçinin Hacıyevin azad edildikdən sonra 1 il ərzində təlim-tərbiyə işləri ilə məşğul olmasının qadağan edilməsi haqqında qərar verilib.

Hüquq müdafiəçisi ittihamları "tamamilə uydurma" adlandırıb. Hacıyev həbsinin əsl səbəbinin Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiq edilməsinə yönəlmiş fəaliyyətinin olmasını göstərib.

O, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşına qarşı ünvanlı sanksiyalar tətbiq edildikdən dərhal sonra həbs olunub.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

2023-cü ilin iyunun 16-da hüquq müdafiəçisinə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrında isə ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Hacıyevin özü və həmkarları onun həbsini Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbər şəxslərini kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.

Bəxtiyar Hacıyev yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Parlamenti, Amnesty International, həmçinin ABŞ Dövlət Departamenti Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken ötən il dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.

"Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır," Antoni Blinkenin bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, "ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını pisləyir və rədd edir".