Dekabrın 24-də Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirlyinin məlumatına görə, görüşdə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Hər iki ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb. Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Üç il əvvəl iyunun 15-də Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi müttəfiqliyi rəsmiləşdirən Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıb.
Bəzi təhlilçilər bəyannamənin regionda yeni geosiyasi ab-hava yaranması üçün əsaslar yaratdığını hesab edir. Onların fikrincə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişlənmə xətti üzrə inkişaf edir.