“Yeni ilə qədəm qoyarkən mən ABŞ və Azərbaycanın gələcək əməkdaşlığı üçün böyük potensial görürəm. Azərbaycan nəqliyyat və logistika üçün əvəzsiz regional mərkəzə çevrilmək üçün yaxşı mövqedədir. Biz Azərbaycanın rifahının növbəti mərhələsinin inkişafına dəstək olmaq üçün, xüsusən də bu sektorlarda daha çox ticarət nümayəndəlikləri gətirməyi planlaşdırırıq”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi dekabrın 14-də Bakının işgüzar icması ilə birgə Amerikanın Ticarət Palatasının illik "Qara və Ağ" ziyafət gecəsində çıxışında bildirib.
Onun fikirincə, Azərbaycanın aerokosmik sektorundakı artım potensialını, kibertəhlükəsizlik təcrübəsini və rəqəmsal infrastrukturu nəzərə alınaraq innovativ Amerika şirkətləri mühüm rol oynaya bilər.
Ötən il ABŞ-Azərbaycan əməkdaşlığının uğurları haqqında düşünərkən, şübhələrin kinli səslərini də xatırlayıram.Mark Libbi, ABŞ səfiri
“Ötən il ABŞ-Azərbaycan əməkdaşlığının uğurları haqqında düşünərkən, şübhələrin kinli səslərini də xatırlayıram. ABŞ-a qarşı çoxlu ittihamlar səsləndirilib, Azərbaycana qarşı cəfəng hiylələr təklif olunub. Bu cür dezinformasiyaya cavab olaraq, mən təkcə ötən ilin uğurlarını qeyd etmək deyil, həm də hər kəsə son bir neçə onillikdə tərəfdaşlığımızın gücünü xatırlatmaq istərdim. Bu il biz “Əsrin müqaviləsi”nin 30 illiyini qeyd etdik. Bu əlamətdar hadisə bizə Azərbaycan rəhbərliyinin və təşəbbüsünün ABŞ-ın sərmayəsi və siyasi dəstəyi ilə birlikdə tarixin gedişatını necə dəyişdiyini xatırlatdı. O zaman yaradılmış müqavilə razılaşmaları və infrastruktur Azərbaycanı qlobal enerji təhlükəsizliyinə əsas və etibarlı töhfə verən ölkəyə çevirmişdir. Mübaliğəsiz demək olar ki, “Əsrin müqaviləsi”nin əsasında duran ABŞ-Azərbaycan tərəfdaşlığı olmasaydı, bunların heç biri mümkün olmazdı”, səfir qeyd edib.
Mark Libbi ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının gələcəyinə nikbin baxır.
“ABŞ səfirliyi bu potensialın reallaşdırılması üçün biznes ictimaiyyəti ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Bilirəm ki, AmCham, son 27 ildə olduğu kimi əvəzsiz tərəfdaş olaraq qalacaq”, o qeyd edib.
Səfir Libbi 2024-cü ildə Azərbaycanla əməkdaşlıqdan danışarkən deyib ki, 2024-cü ildə Azərbaycan COP29-a ev sahibliyi və sədrlik etməyi bacarıb.
“COP-a bir il davam edən hazırlıq dövründə ABŞ nümayəndə heyəti Azərbaycan Prezidentliyi ilə sıx əməkdaşlıq edərək CO2 olmayan istixana qazları və kosmos əsaslı iqlim fəaliyyəti kimi təşəbbüslər üzrə razılığa gəlib. Konfransın son saatlarında ABŞ müzakirəçiləri və Azərbaycan sədrliyi iqlim dəyişikliyi ilə bağlı təcili problemin həlli üçün yeni beynəlxalq maliyyə məqsədləri üzrə razılığa nail olmaq üçün birlikdə çalışdılar.
Amerikanın nou-hau və innovasiyalarının təmiz enerji inqilabına necə təkan verdiyini nümayiş etdirən çoxlu AmCham və ABŞ şirkətlərinin COP29-da təmsil olunduğunu görmək mənim üçün ruhlandırıcı və şəxsən əminlik verici idi”, Libbi qeyd edib.
Onun fikrincə, ABŞ şirkətləri Azərbaycana gələcək nəsil enerji və iqlim məqsədlərinin həyata keçirilməsində kömək etmək öhdəliyinə sadiqdirlər.