Dekabrın 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub
Azərbaycan XİN-nin məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.
Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırlatma
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Suriyada son vəziyyət barədə dekabrın 10-da yaydığı bəyanatda Azərbaycanın Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğu vurğulanıb.Bəyanatda Azərbaycanın Suriyada baş verən prosesləri izlədiyi qeyd edilir.
“Bu çərçivədə, eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Suriyada Bəşar Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir”, bəyanatda deyilir.