Dekabrın 10-da səhər tezdən Dəməşqdə İsrailin Suriya prezidenti Bəşar Əsəd rejiminin devrilməsindən sonra Suriyanın hərbi obyektlərinə sistematik zərbələr endirməsi xəbərləri fonunda güclü partlayış səsləri eşidilib.
Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu dekabrın 10-da verdiyi açıqlamada İsrailin “Suriyadakı ən mühüm hərbi obyektləri məhv etdiyini” bildirib.
Hücum İsrail ordusunun Əsədin devrilməsindən sonra İsrailin ilhaq etdiyi Qolan təpələri yaxınlığındakı bufer zonaya yerləşdirilməsi fonunda baş verib. İsrail hökuməti bunun “təhlükəsizlik səbəbləri” ilə bağlı olduğunu bildirib.
Müşahidə Qrupu bildirir ki, İsrail Suriyanın hərbi imkanlarını məhv etmək üçün son iki gündə “Suriya ərazisinə 250-yə yaxın hava zərbəsi” endirib.
“İsrail Suriyadakı ən mühüm hərbi obyektləri, o cümlədən Suriyanın hava limanlarını və onların anbarlarını, aviasiya eskadrilyalarını, radarları, hərbi siqnal stansiyalarını, Suriyanın əksər bölglərində çox sayda silah və sursat anbarlarını məhv edib” - deyə, qrup yaydığı bəyənatda bildirib.
Bu xəbərlər baş nazir Benyamin Netanyahunun İsrailin “Yaxın Şərqin simasını dəyişdirdiyini” və düşmənlərini “addım-addım” məğlub etdiyini dediyi bir vaxtda yayılıb.
Netanyahu Əsəd rejimini “İranın şər oxunun mərkəzi elementi” adlandıraraq, onu İranla ABŞ tərəfindən terror təşkilatı kimi tanınan Livanın Hizbullah militantları arasında “silah kəmərinin” yaradılmasına kömək etməkdə ittiham edib. İsrail Livanda Hizbullaha qarşı bir neçə aydır davam edən hava hücumları keçirir.
Digər tərəfdən ABŞ Əsəd rejiminin devrilməsindən sonra yaranmış qarışıqlıqdan istifadə etməmək üçün son günlər Suriyada hələ də mövcud olan İslam Dövləti (İD) militantlarına 75 hava zərbəsi endirib.
Birləşmiş Ştatlar son 10 il ərzində Suriyada qrupa qarşı mübarizə aparmaq məqsədilə bölgədə hərbi güvvə saxlayır.
“[İD] öz imkanlarını bərpa etmək, təhlükəsiz sığınacaqlar yaratmaq üçün bu müddətdən istifadə etməyə çalışacaq”, ABŞ dövlət katibi Antoni Blinken dekabrın 9-da deyib.
“Həftə sonu həyata keçirdiyimiz dəqiq hücumların göstərdiyi kimi, buna imkan verməməkdə qərarlıyıq”, o əlavə edib.
Forum