Accessibility links

Tibb işçiləri: Qəzzanın şimalında İsrailin hava zərbələri nəticəsində 25 nəfər ölüb


Fələstinli tibb işçiləri çərşənbə axşamı bildiriblər ki, İsrailin hava hücumları Qəzza zolağında azı 25 nəfərin ölümünə səbəb olub.

Tibb işçiləri zərbələr zamanı Qəzzanın şimalındakı Beyt Hanun bölgəsində çoxmərtəbəli binanın vurulduğunu və ölənlərin əksəriyyətinin eyni ailədən olduğunu bildirib.

Son hücumlar İsrailin Baş naziri Benyamin Netanyahunun 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu zamanı ələ keçirilən girovların geri qaytarılması üçün HƏMAS silahlı qruplaşması ilə razılaşmanın təmin edilməsi üçün yeni fürsətin yarandığını deməsindən bir gün sonra baş verib.

Netanyahu bildirib ki, İsrailin Livanda HƏMAS-ın müttəfiqi Hizbullaha qarşı hərbi əməliyyatları və Suriya prezidenti Bəşar Əsədin devrilməsi nəticəsində HƏMAS-ın “həmişəkindən daha təcrid olunmuş” vəziyyətə düşməsi razılaşma üçün yol açıb.

HƏMAS keçən ilin oktyabrında İsrailə hücum edərkən 1200 nəfəri qətlə yetirməklə bərabər 250-yə yaxın insanı girov götürüb. Bu girovlardan təxminən 100 nəfəri hələ də Qəzzada saxlanılır və onlardan ən azı üçdə birinin öldüyü güman edilir.

Qəzzanın səhiyyə nazirliyi çərşənbə axşamı bildirib ki, İsrailin Qəzzada əks-hücumları 44,800-ə yaxın fələstinlini öldürüb.

İsrail-HƏMAS münaqişəsi İsrail və Hizbullah arasında sərhəd ərazidə döyüşlərə səbəb oldu. Daha sonra bu, İsrailin hava hücumları və bir sıra Hizbullah liderlərinin öldürülməsi ilə şiddətli toqquşmalara çevrildi. Təxminən iki həftədir ki, İsrail və Hizbullah arasında atəşkəs mövcuddur.

HƏMAS və Hizbullah ABŞ, Böyük Britaniya və digər Qərb ölkələri tərəfindən terror qrupları kimi tanınıb.

Forum

XS
SM
MD
LG