Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda AİHM qərarlarının icrasını müzakirə edir

Arxiv fotosu: Avropa Şurasının Nazirlər Komitəsinin iclası

Avropa Şurası Nazirlər Komitəsi 3-5 dekabr tarixlərində keçirdiyi rüblük iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarının icra durumunu müzakirə edir.

Nazirlər Komitəsi bu həftə “Məmmədli”, “Nemət Əliyev”, “Muradova”, “Məmmədov (Cəlaloğlu)” və “Mikayıl Məmmədov” qrup işləri üzrə qərarların icrasının son vəziyyətini dəyərləndirəcək.

Komitə həmçinin “Makuçyan və Minasyan Azərbaycana qarşı” və “Sargsyan Azərbaycana qarşı” işlərinə yenidən baxacaq.

“Məmmədli” qrupu işləri Azərbaycanda 2013-2016-cı illərdə ictimai-siyasi fəallara, jurnalist və hüquq müdafiəçilərinə qarşı təqiblərlə bağlıdır. Bu qrupda Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Qiyas İbrahimov və Bayram Məmmədov, Arif və Leyla Yunusların işləri yer alır.

Avropa Məhkəməsi ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 18-ci maddəsinin pozuntusunu tanıyıb, Azərbaycanda hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin cəzalandırma məqsədi ilə məhkəmə təqiblərinə məruz qaldığını, qanunun aliliyinə zidd olaraq cinayət qanunlarından sui-istifadə yolu ilə əsassız həbslərin narahatlıq doğuran tendensiyasını aşkarlayıb.

İnsan hüquqları təşkilatları Anar Məmmədlini bu ilin aprelində yenidən həbs edilməsinə diqqət çəkərək Azərbaycan hökumətinin qeyd edilən məhkəmə qərarlarının icrasından nə dərəcədə uzaq olduğunu nümayiş etdirdiyini vurğulayır.

Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.

SEE ALSO: Məhkəmə hüquq müdafiəçisi Anar Məmmədlinin həbs müddətini uzadıb

Nazirlər Komitəsinin müzakirə etdiyi digər iş “Nemət Əliyev” qrup işidir. Bu qrup 2005 və 2010-cu il parlament seçkilərində azad seçki hüququ pozulmuş 72 ərizəçini əhatə edən 25 qərardan ibarətdir.

Komitə əvvəlki qərarında seçkilər zamanı törədilən qanun pozuntularını və onların səmərəli şəkildə araşdırılmamasını qeyd edərək hökuməti bu istiqamətdə adekvat islahatlar aparmağa, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və Venesiya Komissiyasının bu istiqamətdəki tövsiyələrini yerinə yetirməyə çağırıb.

Almaniyada yaşayan azərbaycanlı hüquq müdafiəçiləri, jurnalistlər və hüquqşünaslar tərəfindən təsis edilən “Free Voices Collective” qeyri-hökumət təşkilatı isə Nazirlər Komitəsinə kommunikasiyasında hökumətin bu istiqamətdə heç bir müsbət addım atmadığını vurğulayır.

“Nazirlər Komitəsi bu qrup işlərin icrasına nəzarətə başlamsından bəri üç dəfə parlament seçkiləri keçirilib. Buna baxmayaraq, dövlət Məhkəmə və ATƏT/DTİHB missiyalarının aşkarladığı çatışmazlıqların aradan qaldırılması istiqamətində heç bir müsbət addım atmayıb”, hüquqşünas Nicat Məmmədbəyli qeyd edib və hökumətin yalnız ərizəçilərə təyin edilmiş təzminatları ödəməklə kifayətləndiyini əlavə edib.

Hökumət tərəfi isə ittihamları təkzib edir və bu işlərdə tapılan pozuntuların və sistemli problemlərin artıq mövcud olmadığını iddia edir.

SEE ALSO: Demokratik Seçkilər üçün Avropa Platforması: Azərbaycanda son parlament seçkiləri çox məhdud şərtlər altında keçirilib


Bu həftə müzakirə edilən “Muradova”, “Məmmədov (Cəlaloğlu)” və “Mikayıl Məmmədov” qrup işləri isə Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilmiş işgəncə və pis rəftar halları, bununla bağlı səmərəli araşdırmaların aparılmaması ilə bağlıdır.

Nazirlər Komitəsi ötən ilin dekabrında qəbul etdiyi qərarında Azərbaycanda hüquq-mühafizə orqanlarında pis rəftarın təkrarlanan problem olaraq qaldığını qeyd edib.

Qərarda pis rəftara dair iddiaların operativ şəkildə aparılmaması ilə bağlı narahatlıq ifadə edilib, Azərbaycan hakimiyyəti bu istiqamətdə araşdırmaların operativ və effektiv şəkildə aparılması üçün səyləri ikiqat artırmağa, effektiv araşdırmanın təmin edilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər etməyə çağırılıb.

Nazirlər Komitəsinin son qərarından bəri Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi də (CPT) iyulun 3-də Azərbaycanın bu qurumla əməkdaşlıq etməməsi, Azərbaycan hökumətinə, xüsusən də Daxili İşlər Nazirliyinə verilən tövsiyələrin uzun illərdir icra edilməməsi, pis rəftar və işgəncə hallarının davam etməsi ilə bağlı bəyanat yayıb və Azərbaycanla bağlı son hesabatını dərc edib.

Nəhayət, bu həftə müzakirə ediləcək işlərdən “Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı” işi Macarıstanda qətlə görə məhkum edilən Ramil Səfərovun Azərbaycana ekstradisiya edildikdən sonra əfv edilməsi və “qəhrəman kimi qarşılanması” ilə bağlıdır.

“Sarqsyan Azərbaycana qarşı” işi isə Birinci Qarabağ Müharibəsi dövründə erməni əsilli qaçqının mülkiyyət hüquqlarına aiddir.

Nazirlər Komitəsinin paralel olaraq “Çıraqov və başqaları Ermənistana qarşı” işinin icra durumunu müzakirə etməsi gözlənilir. Bu iş isə Laçın rayonundan keçmiş məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulması ilə bağlıdır.