Bir Azərbaycanlı ailə Ərdəvil vilayətinin Germi şəhərində yenicə dünyaya gələn övladları üçün seçdikləri "Manas" adına qeydiyyat idarəsinin müxalifəti səbəbindən şəxsiyyət vəsiqəsi ala bilməyib.
Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yayımlanan məlumatlara görə, uşağın atası Hüccət Dana Germi şəhərinin Qeydiyyat İdarəsinə müraciət etdikdə uşağın kimliyinin bu ad ilə qeydiyyata alınması rədd edilib.
Hüccət Dana bu barədə öz İnstagram səhifəsində paylaşım edərək bildirib ki, oğlu üçün Manas adını seçib və bu adla şəxsiyyət vəsiqəsi almaq üçün hüquqi mübarizə aparmağa hazırlaşır.
Hüquq müdafiəçiləri tərəfindən sosial şəbəkələrdə yayılan digər məlumatlara əsasən, təqribən iki il əvvəl Qərbi Azərbaycanın Makı şəhərində bir ailə uşaqlarına Manas adı ilə şəxsiyyət vəsiqəsi ala bilib. Qanuna görə, əgər bir ad qeydiyyat idarəsi tərəfindən təsdiqlənibsə, artıq qadağan olunmuş adlar siyahısından çıxarılmalıdır. Buna baxmayaraq, qeydiyyat idarələrinin bu kimi hallarda türk adların qeydiyyata alınması və yayğınlaşması barədə hələ də müqavimət göstərdiyi müşahidə olunur.
SEE ALSO: Şərqi Azərbaycan vilayətində populyar adlar siyahısında türk adlar varİranda, xüsusilə Azərbaycan bölgələrində türk adlarının populyarlığı artmasına baxmayaraq, bu adların rəsmi qeydiyyatı ilə bağlı problemlər uzun illərdir ki, mövcuddur. Valideynlər övladlarına türk adları vermək istədikdə, qeydiyyat idarələrinin müqaviməti ilə üzləşirlər. İran Qeydiyyat Təşkilatı bu adları ölkənin milli kimliyinə və İslam dəyərlərinə uyğun olmadığı iddiası ilə rədd edir.
Milli fəallar bildirirlər ki, ölkədə nə İslama, nə də hakimiyyət tərəfindən müəyyən olunan rəsmi milli kimliyə aid olmayan məsələn, qədim yunan adlarının qeydiyyatına maneçilik törədilmir. Fəalların fikrincə, türk adlarına qarşı ayrı-seçkilik mövcuddur və bu vəziyyət azərbaycanlıların mədəni və milli hüquqlarının pozulması kimi dəyərləndirilir.
SEE ALSO: Huntay 6 ildən sonra şəxsiyyət vəsiqəsi sahibi olubBu çətinliklərə baxmayaraq, bəzi ailələr hüquqi mübarizələrə baş vuraraq övladlarının adlarının rəsmi şəkildə tanınmasını təmin etməyə çalışırlar. Məsələn, Culfa şəhərində dünyaya gələn Huntay adlı uşağın şəxsiyyət vəsiqəsi ancaq 6 illik hüquqi mübarizədən sonra əldə edilmişdi. Bu müddət ərzində uşaq şəxsiyyət vəsiqəsi və buna bağlı sosial xidmətlərdən məhrum qalmışdır.
Hazırda İranda türk adlarının qeydiyyatı ilə bağlı problemlər davam edir. İranda etnik azərbaycanlılar öz kimliklərini ifadə etmək üçün övladlarına türk adları qoymaq hüquqlarının tanınması uğrunda mübarizə aparmağa davam edirlər.