Accessibility links

Bir ildən sonra Hunay adlı uşağa şəxsiyyət vəsiqəsi verilib


Iran şəxsiyyət vəsiqəsi
Iran şəxsiyyət vəsiqəsi

Azərbaycanlı milli fəal Mürtəza Nurməhəmmədi, təxminən bir il bir aydan sonra nəhayət ki, övladı Hunay üçün şəxsiyyət vəsiqəsi ala bildiyini açıqlayıb. Belə ki, İranın Qeydiyyat İdarəsi daha əvvəl Hunay adı ilə şəxsiyyət vəsiqəsi çıxarmağa qarşı çıxmışdı.

Mürtəza Nurməhəmmədi ötən ilin sentyabr ayında öz Instagram səhifəsində övladının adı ilə bağlı elektron müraciətinin qeydiyyatdan keçirildiyini, lakin idarənin bu ada qarşı çıxdığını və ona məsaj göndərildiyini paylaşmışdı. O, körpəsinə şəxsiyyət vəsiqəsi almaq üçün Sufiyan Qeydiyyat İdarəsinə müraciət etsə də, bu müraciəti nəticəsiz qalmışdı.

Bundan 10 gün sonra təhlükəsizlik qüvvələri Nurməhəmmədiyə həmin idarənin telefonu vasitəsilə zəng edərək, onu qeydiyyat şöbəsinə çağırmış və problemin həlli ilə bağlı görüş təyin etmişdilər. Lakin o, idarəyə getdiyi zaman həbs olunaraq Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına aparılmışdı.

Nurməhəmmədi Təbriz Kəşfiyyat İdarəsində 20 gün saxlandıqdan sonra, sentyabrın 29-da Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü. O, noyabrın 28-də keçirilən məhkəmə prosesinin sonuna qədər, 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Sosial mediada yayımlanan Hunayın şəxsiyyət vəsiqəsinin şəklinə əsasən, onun doğum tarixi 21 avqust 2023-cü il kimi göstərilir. Bu isə o deməkdir ki, Hunay doğumundan sonra bir il bir ay müddətində şəxsiyyət vəsiqəsi olmadan qalıb. Bu dövr ərzində uşaq şəxsiyyət vəsiqəsi olmadığı üçün sosial xidmətlərdən və sığorta imkanlarından istifadə edə bilməyib.

İranın Qeydiyyat İdarəsi tərəfindən türk ailələrin övladlarına milli adlar qoyulmasına qarşı tətbiq edilən məhdudiyyətlər həmin ailələr üçün həm mədəni, həm də hüquqi baxımdan ciddi maneələr yaradır, bu da onların öz milli kimliklərini qorumaq və gələcək nəsillərə ötürmək hüququna birbaşa təsir göstərir.

Forum

XS
SM
MD
LG