Ərdəbil vilayəti vətəndaşlıq qeydiyyatı baş idarəsinin rəisi Vəhid Xulusi vilayətdə ailələrin uşaqlarına ad qoyma modelinin “qəribə bir şəkildə” dəyişdiyini vurğulayıb.
Yarı-rəsmi Tasnim agentliyinə danışan Vəhid Xulusi əksəriyyəti türk və ya Türkiyə mənşəli olan bəzi adlara diqqət çəkərək Ərdəbildə “qəribə adlara” üstünlük verilməsinin narahatlıq doğurduğunu ifadə edib.
“Keçmiş illərdə qız adları daha çox Fatimə, Zəhra və Məryəm kimi mübarək islami adlardan seçilərkən, bu gün valideynlər ən çox Mahlin və Nihan kimi qəribə adları seçirlər. Oğlan uşaqları adlarında da Əli, Məhəmməd və Əmir kimi adların yerinə Ayhan, Arkan və Əlişan kimi adların ən populyar oğlan adları olaraq seçildiyini görürük,” qeydiyyat idarəsinin rəisi bildirib.
Vəhid Xulusi Ərdəbildə uşaqlara ad qoyma modelinin dəyişməsinə diqqət yetirmənin vacib olduğunu qeyd edib.
O deyib ki, “Ərdəbilin Hüseyni və məzhəbi bir şəhər olduğunu nəzərdə tutaraq, ailələrdən uşaqlarına ad verməkdə daha diqqətli olmaları gözlənilir ki, xarici olan və məqbulluğu az olan adlar yerinə övladlarına daha layiqli adlar versinlər.”
Son illərdə İran Azərbaycanı və türklərin yaşadığı digər vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı müşahidə edilir. Ailələr övladlarına xüsusilə Türkiyədə populyar olan adları verməyə üstünlük verirlər.
İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır. Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Hakan, Anar, Türkay, Tarkan və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat idarələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.
Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.
Forum