Accessibility links

Ərdəbil qeydiyyat şöbəsi ‘Dolunay’ adı ilə şəxsiyyət vəsiqəsi verməyib, ‘Baycan’ adına isə məhkəmədən icazə gəlib


İran İslam Respublikasının şəxsiyyət vəsiqəsi
İran İslam Respublikasının şəxsiyyət vəsiqəsi

Ərdəbil qeydiyyat şöbəsi Sadıqifər ailəsinin yeni dünyaya gələn övladlarına seçdikləri “Dolunay” adı ilə şəxsiyyət vəsiqəsi verməyi rədd edib. Təbrizdə isə məhkəmə oğluna “Baycan” adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən Cəbrayili ailəsinin şikayətini təmin edib.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) xəbərinə görə, İranın vətəndaşlıq qeydiyyatı idarəsinin məmurları Dolunay adının idarənin təsdiq etdiyi adlar siyahısında olmadığını önə çəkiblər.

Günaz TV-nin məlumatına əsasən, Ərdəbil şöbəsinin şəxsiyyət vəsiqəsi verməyi rədd etməsinin ardınca Səid Sadıqifər qeydiyyat idarəsinin paytaxt ofisinə etiraz ərizəsi və Dolunay adının dərc edildiyi türkcə lüğət səhifələrinin surətini göndərib. Ancaq Ərdəbil şöbəsindəki məmurlar ona deyiblər ki, “bu lüğətlərdəki adların 99 faizinə icazə verilmir. Uşağınıza başqa bir ad seçin!”

Təbrizdə isə qeydiyyat şöbəsindən rədd cavabı aldıqdan sonra Təbrizin ümumi hüquq məhkəməsinə müraciət edən Ramin Cəbrayilinin şikayəti təmin edilib. Cəbrayili ailəsi təqribən 2 ay əvvəl dünyaya gələn oğullarına Baycan adı ilə şəxsiyyət vəsiqəsi almaq istəyir.

Abbas Lisani Telegram kanalının surətini paylaşdığı məhkəmə qərarında Baycan adının oğlan uşağı üçün uyğun olduğu qeyd edilib.

Son illər İranda türklərin yaşadığı müxtəlif vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı müşahidə edilir. Zəncan vilayəti qeydiyyat baş idarəsinin sentyabr ayında açıqladığı məlumata əsasən, hazırkı 1402 Hicri ilinin ilk yarısında “Ayhan” adı Zəncan vilayətində ən populyar oğlan adı olub.

İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır. Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Huntay, Hunay, Ayıl, Hakan, Elcan, Elin, Anar, Türkay, Tarkan və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat şöbələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.

Forum

XS
SM
MD
LG