Martın 2-də Təbrizdə dünyaya gələn Selin adlı qızın ailəsi hələ də, övladı üçün şəxsiyyət vəsiqəsi ala bilməyib.
Bu azərbaycanlı qızın anadan olmasından 50 gündən çox vaxt keçməsinə baxmayaraq, Təbrizin Qeydiyyat İdarəsi onun adının türk olması və bu adın ərəb əlifbasında yazılış növü səbəbilə ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.
Körpənin şəxsiyyət vəsiqəsindən məhrum qalması, onun sosial xidmətlərdən, o cümlədən tibbi xidmətlərdən məhrum olmasına səbəb olub.
Selinin atası Sabir Ahəni şəxsi Instagram səhifəsində yazı dərc edərək, qızının bir həftə sonra iki ayının tamam olacağını, ancaq ona hələ də, şəxsiyyət vəsiqəsi ala bilmədiyini bildirib.
Bundan əvvəl Sabir Ahəni Təbriz Qeydiyyat İdarəsinin qızına şəxsiyyət vəsiqəsi verilməsinə qarşı çıxmasından qısa bir müddət sonra məhkəməyə şikayət etdiyini də bildirmişdi. Ahəni, övladına türkcə adla şəxsiyyət vəsiqəsi almağa o qədər də ümidinin olmadığını yazmışdı.
İran hakimiyyəti ailələrin övladlarına ad seçmələrinə məhdudiyyət qoyub. Ailələr ölkənin Qeydiyyat Təşkilatının yaydığı təsdiqlənmiş adlar arasından ad seçə bilərlər. Qadağan edilmiş adlar Qeydiyyat Təşkilatının Ali Şurası tərəfindən müəyyən edilir.
Rəsmilər, ölkənin milli və dini mədəniyyətinin köklərini yad mədəniyyətlərə qarşı qorumaq məqsədilə belə məhdudiyyət qoyulduğunu irəli sürürlər. Lakin bu qanuna qarşı çıxanlar deyirlər ki, İranda fərqli mədəniyyətlər, dillər və etnik mənsubiyyətlər mövcuddur və onların mədəniyyəti və dili ilə əlaqəli adlar bu qanun səbəbilə ayrı-seçkiliyə məruz qalır.
Forum