ABŞ kənd təsərrüfatı naziri: Əhalinin kəskin şəkildə artması kolossal ərzaq problemindən xəbər verir

Tomas Vilsak (Mənbə: ABŞ səfirliyi)

“Düşünürəm ki, Azərbaycanın Şərqlə Qərb arasında ticarətdə oynadığı vacib roldan istifadə etməyimiz üçün bir fürsət var”.

Bu barədə ABŞ-ın kənd təsərrüfatı naziri Tomas Vilsak Bakıda COP29 çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

“Bu mənim vacib hesab etdiyim sahədir. Digər tərəfdən, Azərbaycan enerji istehsal edən ölkə olduğundan burada kənd təsərrüfatı iqtisadiyyatı nisbətən kiçikdir. Buna görə onun əsas diqqəti enerji istehsalına yönəlib. Düşünürəm ki, Azərbaycan portfeli balanslaşırmaq, yaşıl enerjiyə keçid məqsədləri olduğu üçün bu sahədə də yaxşı tərəfdaş ola bilərik”, kənd təsərrüfatı naziri bildirib.

Öz növbəsində Amerikanın Səsinin “Müasir dünyada kənd təsərrüfatına və bütövlükdə ekologiyaya ən ciddi təhdidlər hansılardır?” sualının cavabında Tomas Vilsak deyib ki, daha çox istehsal etmək üçün innovasiyalardan, elmdən istifadə etmək lazımdır.

“İqlimin dəyişdiyini nəzərə alsaq, bu, problemin həllini daha da çətinləşdirir. Reallıq budur ki, dünya əhalisi kəskin şəkildə artmağa davam edir və sayın 10 milyard insana çatacağı təqdirdə bu artım dünya əhalisinin qidalanması üçün kolossal ərzaq problemindən xəbər verir. Bunun tezliklə baş verəcəyi proqnozlaşdırılır ki, bu da kənd təsərrüfatı istehsalının əvvəllər olduğundan daha yüksək sürətlə xeyli dərəcədə artmasını tələb edir”, o deyib.

Qidanın əhəmiyyətli bir hissəsinin insanlar üçün bu və ya digər şəkildə zərərli olduğu barədə fikrin nə dərəcədə ədalətlidir və geni dəyişdirilmiş məhsulların (GMO) istifadəsini məhdudlaşdırmaq lazımdırmı?

Bu sualları cavablandıran Vilsack deyib ki genetik cəhətdən dəyişdirilmiş strategiyalardan genlərin redaktəsinə keçid daha çox dayanıqlılıq, pis şəraitdə kənd təsərrüfatı bitkilərinin daha çox istehsalı üçün mexanizmdir.

“Vəzifə ondan ibarətdir ki istehlakçılara nə aldıqlarını bilmək imkanı verilsin, həm də bu texnologiyanın təkcə imkanı olanlar üçün yox, həm də kiçik fermerlər üçün əlçatan olması təmin edilsin. Və o zaman adamlar seçim edə biləcəklər”, o deyib.

Nazir hesab edir ki, beynəlxalq sistemə uyğun, riskli olmayan tədqiqatlar aparılmalıdır.

“Bu o deməkdir ki, bəzilərinə görə GMO üçün yer var, amma hamı üçün deyil. Metan istehsalının məhdudlaşdırılmasını başa düşməklə heyvandarlıq sənayesi üçün yer var. Bitki zülalları üçün yer var. Bütün bunlara ehtiyacımız olacaq, biz adamları təşviq etməliyik, çünki çağırış olduqca ciddidir. Əgər biz bu çağırışa cavab verə bilməsək, çox dramatik olacaq, münaqişələrə və xaosa səbəb olacaq”, ABŞ-ın kənd təsərrüfatı nazir deyib.