ABŞ qanunvericiləri Qubad İbadoğlunun müalicə üçün Azərbaycanı tərk etməsinə icazə verilməsini tələb edir

Mark Libbi və Qubad İbadoğlu (Mənbə: ABŞ səfirliyi)

Amerikanın otuzdan çox yüksək səviyyəli qanunvericisindən ibarət ikipartiyalı qrup Bayden administrasiyasını COP29 öncəsi tanınmış alim və antikorrupsiya eksperti Qubad İbadoğlunun ev dustaqlığından azad edilməsini və onun müalicə üçün Azərbaycanı tərk etməsinə icazə verilməsini tələb etməyə çağırıb.

Turan agentliyinin məlumatına görə, məktubda 33 yüksək səviyyəli senator və konqresmen dövlət katibi Antoni Blinkendən və prezidentin iqlim məsələləri üzrə baş müşaviri Con Podestadan Azərbaycan hökumətini BMT-nin illik iqlim konfransından əvvəl doktor İbadoğlunu azad etməyə təşviq etmək üçün onlarla birbaşa qarşılıqlı əlaqələri davam etdirməyi tələb edib.

"Beynəlxalq diqqət ölkənin üzərində cəmləşəcək, çünki minlərlə vətəndaş cəmiyyəti və hökumət fəalı bu ölkədədir. Biz bu fürsətdən istifadə etməyə çağırırıq, çünki doktor İbadoğlunun humanitar əsaslarla azad edilməsi, ona qarşı hərəkət məhdudiyyətlərinin aradan qaldırılması və ona qarşı bütün ittihamların ləğv edilməsi Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə uyğun olaraq müsbət addım olardı”, Turanla bölüşülən məktubda deyilir.

"Bundan başqa, sizdən Azərbaycan hakimiyyətini doktor İbadoğlunun başqa ölkəyə getməsi mümkünlüyünü nəzərdən keçirməyə çağırmağı və bu variantı avropalı həmkarlarınız, xüsusən İsveç, Almaniya və Böyük Britaniya ilə müzakirə etməyi xahiş edirik. Bu ölkələrin istənilən biri doktor İbadoğluna indiyədək Azərbaycanda ala bilmədiyi tibbi rəyi verə və onun təhlükəsiz şəkildə ailəsinə qovuşmasına imkan yarada bilər", ABŞ qanunvericiləri qeyd edir.

O, Azərbaycanda həbs edilib və valyuta saxtalaşdırmaqda, ekstremist dini materiallar saxlamaqda ittiham olunur. Bu ittihamlar çoxsaylı beynəlxalq institut və hüquq müdafiə təşkilatları tərəfindən saxta və siyasi motivli ittiham kimi qətiyyətlə tənqid edilib. Doktor İbadoğlu ev dustaqlığına buraxılmazdan əvvəl 9 ay istintaq təcridxanasında saxlanılıb və hələ də ev dustaqlığındadır.

“Həbsdə saxlanıldığı müddətdə onun xroniki xəstəlikləri pisləşib, çünki ona adekvat tibbi yardım göstərilməyib. Onun işi üzrə məhkəmə prosesi hələ başlamasa da və hazırda dayandırılsa da, onun səfərlərinə qadağa qoyulub. Təqsirli hesab olunacağı təqdirdə onu 17 ilədək həbs cəzası gözləyir”, məktubda qeyd edilir.

"Sizi israrla COP29 - fürsətlər pəncərəsi açdığını hesab etdiyimiz məqam ərəfəsində doktor İbradoğlunun işinə birinci dərəcəli diqqət yetirməyə çağırırıq", qanunvericilər qeyd edir.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılması icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib. Amma hökumət hələ də iqtisad elmləri doktoru Qubad İbadoğlunu ölkədən xaricə buraxmaqda qərarlı deyil.