Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilən azərbaycanlı vəkil və insan haqları müdafiəçisi Məhəmmədrza Fəqihiyə qarşı çıxarılan hökm apellyasiya mərhələsində də qüvvədə saxlanılıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Tehran vilayətinin Apellyasiya Məhkəməsinin 36 saylı şöbəsi ilkin hökmdə olduğu kimi Fəqihiyə 5 il həbs qərarını təsdiqləyərək, dosyeni hökmlərin icra şöbəsinə göndərib.
Oktyabrda Fəqihinin vəkili Zəhra Minuyi ilkin məhkəmənin qərarının detallarını paylaşaraq, onun 2 il müddətinə ölkədən çıxışına qadağa, vəkillik fəaliyyətindən uzaqlaşdırma və siyasi partiya və qrupların üzvü olmaq hüququndan da məhrum edildiyini bildirmişdi.
Oktyabrın 6-da Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsinin hakimi Əbülqasım Salavatinin hökmü ilə Fəqihi “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə təqsirli bilinərək, azadlıqdan məhrum edilmişdi.
SEE ALSO: Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi 5 il həbs cəzasına məhkum edilibHüquq müdafiəçisi və vəkil Sina Yusifi X hesabında hüquq müdafiəçilərinə qarşı artan təzyiqlər, ağır şərait və repressiyalar barədə məlumat verib.
O, yazısında müxtəlif təzyiqlərlə üzləşən insan haqları vəkilləri arasında Məhəmməd Nəcəfi, Tahir Nəqəvi və Məhəmmədrza Fəqihinin də olduğunu vurğulayıb. Ərak həbsxanasında saxlanılan vəkil Məhəmməd Nəcəfi Evin həbsxanasına köçürülüb, Evin həbsxanasında həbsdə olan vəkil Tahir Nəqəvinin isə səhhətində problemlər olmasına baxmayaraq, xəstəxanaya göndərilməsi təmin edilməyib. Məhəmmədrza Fəqihi isə ağır ittihamlarla üzləşərək 5 il həbs cəzasına məhkum edilib.
Məhəmmədrza Fəqihi 2022-ci ilin oktyabrında Tehranın Arjantin küçəsində yerləşən Mərkəzi Vəkillər Kollegiyasının binası önündə keçirilən etiraz aksiyasında iştirak etdiyi üçün saxlanılmışdı. Bu mitinq İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına və həmin il baş tutan ümummilli etiraz aksiyalarında iştirak edən vətəndaşların hüquqlarının tapdalanmasına qarşı keçirilmişdi.
Fəqihi qısa müddət sonra müvəqqəti azadlığa buraxılsa da, peşmanlıq məktubu yazmadığı üçün əfv sərəncamına daxil edilməmişdi.
Məhəmmədrza Fəqihi azərbaycanlı milli fəalların hüquqlarını müdafiə etdiyi üçün əvvəllər də təhlükəsizlik qüvvələrinin təzyiqləri ilə üzləşib və bir neçə dəfə saxlanılıb.