Azərbaycanlı vəkil və insan haqları müdafiəçisi Məhəmmədrza Fəqihi Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində ona qarşı irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı edib.
HRA xəbər agentliyinin məlumatına görə, sentyabrın 11-də hakim Məhəmmədrza Əmuzadın sədrliyi ilə keçirilən məhkəmə iclasında Məhəmmədrza Fəqihi "ictimai asayişi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamı əsasında müdafiəsini təqdim edib.
Fəqihi, ötən ayın əvvəlində hakim Əbülqasim Salavatinin sədri olduğu Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırılıb. Lakin hakim məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə prosesi daha sonrakı tarixə təxirə salınıb.
Məhəmmədrza Fəqihi 2022-ci ilin oktyabrında bir qrup vəkillə birlikdə Tehranda Mərkəzi Vəkillər Kollegiyasının binası önündə keçirilən etiraz aksiyası zamanı həbs olunmuşdu. Bu aksiya İranda davam edən kütləvi etirazların 4-cü həftəsinə təsadüf edirdi. Vəkillərin mitinqində "etirazçıların hüquqlarına" diqqət çəkilib və İran Konstitusiyasının 27-ci maddəsinin icra edilməsi tələb olunub.
Təhlükəsizlik qüvvələri həmin aksiyada Məhəmmədrza Fəqihi də daxil olmaqla ən azı üç vəkili saxlamışdı. Fəqihi oktyabrın 12-də həbs olunduqdan təxminən iki həftə sonra, oktyabrın 25-də Evin həbsxanasından zaminə buraxılmışdı.
Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, aksiyada həbs edilən digər vəkillərə qarşı qaldırılan iddialar ümumi əfv sərəncamı çərçivəsində bağlanıb. Lakin Fəqihinin işi əfvdən kənarda qalıb, çünki o, peşmanlığını ifadə edən məktubu hazırlayıb məhkəməyə təqdim etməkdən imtina edib. Bu səbəbdən, onun işi amnistiya çərçivəsinə daxil edilməyib.
Əvvəllər azərbaycanlı milli fəalların müdafiəsini öz üzərinə götürən vəkil Məhəmmədrza Fəqihi bundan öncə də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib. Onun insan haqlarını müdafiə etməsi və etirazçıların hüquqlarını qorumağa çalışması səbəbindən dəfələrlə təzyiqlərə və təqiblərə məruz qaldığı bildirilir.
Forum