Accessibility links

Tehran məhkəməsi insan haqları vəkili Məhəmmədrza Fəqihini 6 ay həbsə məhkum edib


Tehran İnqilab Məhkəməsi insan haqları vəkili Məhəmmədrza Fəqihi və bir neçə digər vəkil və mədəni fəal barəsində həbs və məhrumiyyət hökmü çıxarıb. Fəqihinin 6 ay həbsə məhkum edildiyi bildirilir.

İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk dil haqları fəalları daxil olmaqla, bir çox siyasi məhbusu İranın müxtəlif məhkəmələrində müdafiə edib.

Məhəmmədrza Fəqihi, Mehdi Mahmudiyan, Mustafa Nili, Məryəm Əfrafraz və Arəş Keyxosrovi üçüncü dəfə olaraq keçən may ayının 11-də hakim qarşısına çıxarılmışdılar.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, adıçəkilən vəkillər və fəallara qarşı 95 gündən 4 ilə qədər həbs hökmü çıxarılıb. HRA agentliyi Mahmudiyan, Nili və Keyxosrovininin əlavə olaraq ictimai, siyasi və peşəkar fəaliyyətdən məhrumiyyət cəzası alıblar.

Türk dil haqları fəalları Həmid Mənafi, Əlirza Fərşi, Əkbər Azad və Behnam Şeyxi insan haqları vəkili Məhəmmədrza Fəqihi (ortada) ilə birlikdə
Türk dil haqları fəalları Həmid Mənafi, Əlirza Fərşi, Əkbər Azad və Behnam Şeyxi insan haqları vəkili Məhəmmədrza Fəqihi (ortada) ilə birlikdə

Təhlükəsizlik qüvvələri Fəqihi və digər fəalları 2021-ci ilin avqust ayında Vətəndaş Hüquqları Dərnəyinin ofisində toplandıqları zaman saxlamışdı. Mətbuatda yayılan məlumata görə, bu fəallar COVID-19 vaksininin idxalına mane olan məsulları məhkəməyə vermək üçün şikayət mətni hazırlayırdılar.

İranın ali lideri Seyyid Əli Xameneyi 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını açıqlamışdı. Xameneyinin vaksinlə əlaqədar mövqeyi səkkiz ay sonra dəyişdi. O, həmin ilin avqust ayında əlaqədar qurumlardan koronavirus vaksininin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsi haqda göstəriş vermişdi.

XS
SM
MD
LG