Accessibility links

İranda insan haqları vəkili Məhəmmədrza Fəqihi nəzarət altına alınıb


Məhəmmədrza Fəqihi
Məhəmmədrza Fəqihi

İran hakimiyyətinin dördüncü həftəsinə daxil olan kütləvi aksiyaları yatırmaq üçün başlatdığı həbs dalğasının davamında insan haqları vəkili Məhəmmədrza Fəqihi Tehranda nəzarət altına alınıb.

"Şərq" qəzetinin internet səhifəsində yayılan xəbərə əsasən, çərşənbə günü Tehranın Arjantin küçəsində yerləşən Mərkəz Vəkillər Kollegiyası binasının önündə Məhəmmədrza Fəqihi daxil olmaqla ən az üç vəkil saxlanılıb.

İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk dil haqları fəalları daxil olmaqla, bir çox siyasi məhbusu İranın müxtəlif məhkəmələrində müdafiə edib.

Oktyabrın 12-də bir qrup vəkil Tehranda Mərkəz Vəkillər Kollegiyası binasının qarşısına toplaşaraq "etirazçıların hüquqları və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına" etiraz bildiriblər. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, polis qüvvələri mitinqə qatılan vəkillərə qarşı zorakılıq tətbiq edib.

İran Konstitusiyasının 27-ci maddəsi İranda "mitinq və yürüş təşkil etməyin silah daşımamaq və İslamın əsaslarını pozmamaq şərti ilə sərbəst olduğunu" qeyd edir.

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb.

XS
SM
MD
LG