ABŞ-ın iyirmidən çox yüksək vəzifəli şəxsi COP29-da iştirak üçün Bakıya səfər edəcək

Bakı COP29-a hazırlaşır.

11-22 noyabrda ABŞ-ın 20-dən çox departamenti, agentliyi və təşkilatından olan Bayden-Harris Administrasiyasının yüksək vəzifəli rəsmiləri iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderliyini vurğulamaq və 2024-cü ildə güclü danışıqlar nəticələrinə nail olmaq üçün Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP 29) ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək.

ABŞ nümayəndə heyətinə kənd təsərrüfatı naziri Tomas Vilsak, enerji naziri Cennifer M. Qranholm, Prezidentin köməkçisi və Ağ Evin Milli İqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallory, Energetika katibinin müavini David Turk, daxili işlər nazirinin müavini vəzifəsini icra edən Laura Daniel-Devis, Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administrator müavini vəzifəsini icra edən Ceyn Nişida, Ticarət Katibinin Okeanlar, Atmosfer üzrə Müşaviri və Milli Okean, Atmosfer Administrasiyasının administratoru Rik Spinrad, Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins və digər yüksək vəzifəli şəxslər daxildir.

Yuxarıda sadalananlara əlavə olaraq, ABŞ nümayəndə heyətinə iqlim dəyişikliyi, silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı məsələlər üzrə şəxslər daxil edilib.

Xatırladaq ki, 2023-cü ildə Dubayda keçrilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında ABŞ Dövlət katibi Antoni Blinken də iştirak edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.

COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.