Oktyabrın 24-də Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media” onlayn nəşrinin direktoru Ülvi Həsənlinin 1 saylı Bakı İstintaq Təcridxanasına və Azərbaycan Penitensiar Xidmətinə qarşı şikayətini təmin etməyib.
Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib ki, şikayət jurnalistin hüquqlarının pozulması, ona qarşı qeyri-insani rəftar və saxlanma şəraitinin pis olması ilə əlaqədar verilib.
"Biz şikayətdə qeyd etdik ki, 1 saylı Bakı İstintaq Təcridxanasında kameralara böyük fasilələrlə, gün ərzində cəmi 1-2 saat su verilir. Həsənli 4 kvadrat metr sahəsi olan kamerada saxlanılır. Vəkilləri ilə görüşdən əvvəl və sonra üzərində axtarış aparılır, sorğu-sual edilir, Həsənlinin telefon danışıqları dinlənilir", o qeyd edib.
Həsənli istintaq təcridxanasında şahidi olduğu işgəncə faktlarını ictimailəşdirdikdən sonra onun təhlükəsizliyi üçün təhdid yaranıb.
"Sentyabrın 11-də istintaq təcridxanasının Naib adlı əməkdaşı Ülviyə fiziki təzyiq göstərib. Ülvi qeyri-insani şəraitdə məhkəməyə gətirilib və həmin şəraitdə də istintaq təcridxanasına qaytarılıb. Digər tərəfdən, Həsənliyə iki yaşlı övladı ilə "canlı görüşlər" əsassız olaraq qadağan edilib. Biz bütün bu məsələləri şikayətdə qeyd etdik və məhkəmədən Həsənlinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görməyi xahiş etdik", vəkil əlavə edib.
“1 saylı Bakı İstintaq Təcridxanasının və Penitensiar Xidmətin nümayəndələri məhkəməyə gəlməyiblər. Bununla belə, məhkəmə şikayəti təmin etməyib”, vəkil qeyd edib.
Onun sözlərinə görə, müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.
İyul ayında sosial şəbəkələrdə Həsənlinin İstintaq Təcridxanasının rəhbərliyinin iştirakı ilə məhbuslara işgəncə verilməsi (döyülmə, məhkumların qandalla çarpayılara bağlanması, beton döşəməyə uzadılması, ayaqlarından asılması, dəmir çubuqlar və dəyənəklərlə döyülməsi və s.) əks olunan məqaləsi dərc olunub.
1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov və onun müavinləri döyülənlərin problemli məhkumlar olduğunu, onlar döyülməsə, istintaq təcridxanasının idarəolunmaz hala gələcəyini iddia ediblər.
Zorakılıq törədən əsas şəxslər rəis müavini, polkovnik-leytenant Ceyhun Hacıyev, kapitan Cavid Güləliyev, gizir Pərviz Quliyev olduğu bildirilir. Yarım il ərzində Həsənli 58 işgəncə faktı qeydə alıb.
Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, təcridxana və cəzaçəkmə yerlərində həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Xatırladaq ki, Ülvi Həsənli və “Abzas Media”nın daha bir neçə əməkdaşı 2023-cü ilin noyabrında xarici valyuta qaçaqmalçılığına dair ittihamla həbs ediliblər. Onların işi üzrə istintaq davam etdirilir.
Həbs edilənlər ittihamı qəbul etmir və uydurma adlandırır.