Sina Mirzayi: İslam Respublikası fələstinlilərin yanında olan ictimai rəyi belə cəlb edə biləcək şəraitdə deyil

Sina Mirzayi

Politoloq və siyasi fəal Sina Mirzayi Amerikanın Səsinə müsahibədə son vaxtlar İran və İsrail arasında artan gərginlik, İranın bölgədəki vəkil qüvvələrinin vəziyyəti və müharibənin genişlənməsi halında baş verəcəklər haqqında danışıb.

Your browser doesn’t support HTML5

Sina Mirzayi: İslam Respublikası fələstinlilərin yanında olan ictimai rəyi belə cəlb edə biləcək şəraitdə deyil

Mirzayinin sözlərinə görə, “İslam İnqilabı şiizm ideyaları ilə başlayıb və çox da uğurlu şəkildə xalqı səfərbər etməyə qadir olan o ideologiyanın xalqın gözündə çox dəyərli göründüyü və inandığı şəkildə irəlilədiyi zamanlarda şəhidlik və müqəddəslik üzərində qurulan tarixi rəvayətlər o yerə çatırdı ki, insanlar özlərinə zərər veriridilər, matəm mərasimlərində olduğu kimi. Bu səbəb olurdu ki, İran bu ideologiyanı çiçəkləndirib, İran-İraq savaşında və ya vəkil güclər vasitəsi ilə inqilabı ixrac edib və insanları gəncdən yaşlıya savaşa sürükləsin”.

O, İslam Respublikasının ideoloji səfərbərlik gücünün artıq keçmişdəki qədər təsirli olmadığını vurğulayır:

“Bu ideologiya inqilabın əvvəllərində çox basqın idi. Gün keçdikcə neo-liberal siyasətlərin irəliləməsi, teknologiyanın inkişafı, fərdiyyətçiliyin önə çıxması, Sovetlərin çökməsindən sonra ideologiyaların yavaş-yavaş sönməsi ilə bərabər xalq da ideoloji gözlüklərini qırağa qoyub və gerçəklərə biraz daha fərqli baxmağa başladı. Bu həm içəridə, həm də xaricdə İranın dəstəklədiyi qüvvələr arasında çatlara yol açdı. Görə bilirik ki, qədimki o vəkil qüvvələr artıq o gücdə deyillər. Artıq aralarından casuslar çıxır, açığa çıxırlar və öz içlərində qırılqan olurlar”.

SEE ALSO: Arif Kəskin: Həsən Nəsrallah və Hizbullah İranın Yaxın Şərq siyasətinin təməlini təşkil edirdi

Politoloq vəziyyətin belə davam etməsi təqdirdə İranın əlinin daha da zəifləyəcəyini söyləyir. Onun dediklərinə görə, “artıq o ideologiya xalqı birləşdirə bilmir. Xalqın bir çox kəsimini ölümə sürükləyə bilmir, səfərbər edə bilmir. Bu da təbii olaraq, həm İran həm də vasitə qüvvələrini gücsüzləşdirir. Mən düşünürəm ki, belə getsə, fərdiyyətçilik məsələsi, yeni nəslin gəlməsi, teknogiyanın irəliləməsi və iqtisadiyyatın bu şəraitdə kövrək olması səbəb olacaq ki, gün keçdikcə İranın əli daha çox zəifləsin”.

Sina Mirzayinin fikrincə, İslam Respublikası hazırkı durumda fələstinlilərin yanında olan ictimai rəyi də cəlb edə biləcək etibara sahib deyil.

“İran artıq o strategiyaları işlədə bilmir. Öz problemləri ilə o qədər əlbəyaxa olub, öz cinayətləri o qədər gündəmə gəlib ki, bugün dünyada Fələstinin yanında olan insanlar belə ən azından belə deyirlər ki, tamam Fələstin haqlı bir savaşdır, amma İran əl çəksin. İran bu savaşı korlayır. İranın vasitə gücləri bunu korlayır” - deyə, siyasi fəal bildirir.

SEE ALSO: Riçard Vaytz: İsrailin hücum edə biləcəyi dörd əsas hədəf kateqoriyası var

Ancaq o, İrana qarşı birbaşa müharibənin başlanması təqdirdə, İslam Respublikasının öz ritorikasını bərpa etməyə müəyyən dərəcədə imkan əldə edə biləcəyini önə çəkir.

“Savaş zehnimizdə fikirləşdiyimiz kimi bir şey deyil. Savaş olanda həqiqətən avaralıq və qaçqınlıq gətirir. Bu avaralığın ictimai olaraq, iqtisadi olaraq çox uzunmüddətli təsirləri olar. Onun üçün xalqı müştərək düşmənə qarşı birləşdirmək üçün İslam Respublikasına bəhanə yarana bilər. Fikr edirəm ki, İsrail də diqqətlidir ki, məsələ oraya getməsin” - deyə, Sina Mirzayi əlavə edir.