İslam Respublikası keçən həftə İran Azərbaycanı və ölkənin digər bölgələrində ölüm cəzasına məhkum olunmuş çox sayda məhbusun hökmünü tətbiq edib.
Hüquq müdafiəçilərinin məlumatına görə, keçən dörd gün ərzində Urmiyə, Həmədan və Qəzvin şəhərlərinin həbsxanalarında biri qadın olmaqla ən azı 5 məhkum dar ağacından asılıb.
Qəzvindəki edam hökmləri, insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, cümə axşamı günü icra edilib.
Agentlik Qəzvində asılan Nurməhəmməd Geravənd və Səncəri soyadlı şəxsin daha əvvəl narkotik maddə qaçaqmalçılığı ittihamı ilə məhkum olduqlarını yazıb. Bəzi mənbələr Qəzvində həmin gün Əli Mərufxani adlı bir məhbusun da asıldığını bildiriblər.
Qəzvin həbsxanasında təqribən bir həftə əvvəl də 4 məhbusun ölüm cəzası tətbiq edilmişdi.
Həmədan həbsxanasında edam hökmləri çərşənbə günü tətbiq edilib. HRA agentliyinin bildirdiyinə görə, Həmədanda narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar adı məlum olmayan bir qadın və Rəsul Fili adında bir kişi edam edilib.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupuna istinadən, çərşənbə axşamı günü Nasir Məhəmmədi adlı məhkum Urmiyənin mərkəzi həbsxanasında edam edilib. Nasir Məhəmmədinin Urmiyənin Neyçalan kəndindən olduğu bildirilib.
IHR Təbriz həbsxanasında da təqribən 10 gün əvvəl Hadi Fəllah adlı şəxsin asıldığına dair məlumat yayıb.
ABŞ-da yerləşən hüquq-müdafiə qurumları İran İnsan Haqları Fəalları və Əbdürrəhman Burumənd Mərkəzinin ümumdünya ölüm cəzasına qarşı mübarizə günü münasibəti ilə yaydıqları birgə bəyanata əsasən, oktyabr 2023-dən oktyabr 2024-ə qədər İranda 800-dən artıq məhkumun ölüm cəzası icra edilib.
Forum