Evin həbsxanasında saxlanılan 6 milli fəala ümumilikdə 51 il həbs cəzası verilib

Hakim Əbülqasım Salavati

Tehran İnqilab Məhkəməsi Evin həbsxanasında nəzarət altında saxlanılan 6 azərbaycanlı fəalı ümumilikdə 51 il müddətinə azadlıqdan məhrum edib. Evin həbsxanasında saxlanılan fəalların 6-sı oktyabrın 15-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə aparılıb və barələrində hökmlər oxunub. Onlar 8 ay yarımdır ki, həbsdədirlər və indiyədək onların işi ilə bağlı məhkəmə hökmü çıxarılmamışdı.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, hökmlər arasında Əbdüləziz Əzimi Qədim “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzası alıb. Həmçinin Araz Əman, Bağır Hacızadə və Ayaz Seyfxah “casusluq” ittihamı ilə təqsirli bilinərək hər biri 8 il, “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamından isə hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Kamal Nuri də “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 2 ili şərti olmaqla, 3 il həbs cəzasına məhkum edilib. Tahir Nəqəvi və Mürtəza Pərvin haqqında yekun hökm hələ açıqlanmayıb, lakin bəzi müşahidəçilər onlara da eyni şəkildə ağır həbs cəzalarının verilməsinin mümkünlüyünü hesab edirlər. Digər siyasi məhbus Hüseyn Piri isə "toplaşmaq və əlbir olmaq" ittihamından 5 il müddətinə azadlıqdan məhrum edilib.

Siyasi fəallar hesab edirlər ki, Tehran İnqilab Məhkəməsinin sədri hakim Əbülqasım Salavatinin fəalları müvəqqəti olaraq girov müqabilində azadlığa buraxmaqdan imtina etməsi, onlara verəcəyi ağır cəzaların mümkünlüyündən xəbər verir və bu gözlənilirdi.

İslam Respublikasının tənqidçiləri və əleyhdarlarına ağır və uzunmüddətli həbs cəzaları və ölüm hökmləri verməklə məşhur olan Əbülqasım Salavati vətəndaşların hüquqlarının geniş və ciddi şəkildə pozması səbəbindən ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalıb. Salavati adətən məhkəmə orqanları tərəfindən küçə etirazlarında həbs olunan insanları və ya rejimə qarşı çıxan siyasi liderləri mühakimə etmək üçün təyin olunan şəxsdir.

Tehranın Evin həbsxanası

Tehran, Əlburz, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində sakin olan bu türk fəallar fevralın ilk həftəsində həbs ediliblər və həmin tarixdən etibarən nəzarət müddətinin tez-tez uzadılması ilə Evin həbsxanasında saxlanılırlar. Ədliyyə və təhlükəsizlik qurumları onların müvəqqəti girov müqabilində azadlığa buraxılmasına mane olub, həmçinin vəkillə görüşə də icazə verilməyib.

Onların dinc yolla mədəni fəaliyyət ilə məşğul olan və sosial şəbəkələrdə və İranda azərbaycanlıların hüquqları ilə bağlı yazılar yazmaqla və maarifləndirmə fəaliyyətləri ilə məşğul olduqları bildirilir. Lakin ailələrinin və bölgədəki hüquq müdafiəçilərinin dediyinə görə, fəalların dinc xarakterinə baxmayaraq, tutulma zamanı və təcridxanada dindirilmə zamanı təhlükəsizlik qüvvələrinin zorakı davranışlarına və şiddətinə məruz qalıblar.

Sina Yusifi

Hüquq müdafiəçisi Sina Yusifi Amerikanın Səsinə fəallara qarşı çıxarılan ağır cəzalarla bağlı deyib ki, “Əvvəlcə həbs edilənlərin ortaq və əsas ittihamı "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq"dır. Halbuki, həbs olunan şəxslər Azərbaycanın müxtəlif şəhərlərindən, hətta Kərəc və Tehrandan olan insanlardır və bəziləri hətta bir-birilərini ilk dəfə həbsxanada görüblər. Bu cür ittihamın onlara yönəldilməsi həmin cinayətin mahiyyəti ilə ziddiyyət təşkil edir”.

Hüquqşünas əlavə edib ki, cinayətin fiziki elementi, yəni cinayət törətmək üçün şəxslərin toplaşması və razılaşması, həm də bu cinayətin ölkənin təhlükəsizliyi ilə bağlı olması bu məsələdə mövcud deyil və əslində belə bir cinayət baş verməyib.

Sina Yusifi həmin fəalların işinə Tehran İnqilab Məhkəməsində baxılmasını da hüquqi baxımdan düzgün olmadığını irəli sürüb və deyir ki, həmin insanlar müxtəlif şəhərlərdə həbs edildiyi üçün Tehran İnqilab Məhkəməsi yurisdiksiyaya malik deyil və "bu şöbənin hakim Salavati başçılığı altında işə baxması, bu şöbənin keçmişinə əsaslanaraq, yalnız saxta işlərin hazırlanması və ağır hökmlərin çıxarılması məqsədi daşıyır".

Azərbaycanlı vəkil həmçinin Kamal Nuri haqqında,ona verilən üç illik həbs cəzasının iki ili şərti hesab edildiyi üçün nəzarət altında qaldığı müddətin nəzərdə tutulması ilə tezliklə azad ola biləcəyinə ümid edib.

Güneyli siyasi məhbus Əbdüləziz Əzimi Qədim

Əbdüləziz Əzimi Qədim həbsxananın ümumi bölməsinə köçürüldüyü vaxtdan bəri telefon vasitəsilə həbsxanadan kənara ötürdüyü səsli qeydlərdə saxlanılan azərbaycanlı fəallarının 209 saylı təcridxanada təhlükəsizlik qüvvələri tərəfindən ağır işgəncələrə məruz qalması barədə məlumat vermişdi.

O, digər həbsdə olan fəallarla birlikdə qanunsuz davranışa etiraz olaraq aclıq aksiyası keçirmişdi. Həmin məhbuslar arasında ilk dəfə aclıq aksiyası keçirən Mürtəza Pərvin iki həftəlik aclıq aksiyası müddətində sağlıq vəziyyətinin pisləşdiyi üçün iki dəfə həbsxana klinikasına yerləşdirilmişdi.

Yüksək qan təzyiqindən əziyyət çəkməsinə baxmayaraq, Tahir Nəqəvi bir aya yaxın aclıq aksiyası keçirib və halsızlıqdan vəziyyəti pisləşdikdən sonra bir neçə dəfə həbsxana xəstəxanasına köçürülmüşdü. Digər məhbusların aksiyanı dayandırmasına baxmayaraq, aclıq aksiyasını davam etdirən Əbdüləziz Əzimi Qədim isə milli fəalların məktubla ondan səhhətinə görə aclıq aksiyasını dayandırmasını xahiş etdikdən sonra Qarabağ müharibəsi şəhidlərinə ehtiram əlaməti olaraq 44 gün sonra aclığa son qoymuşdu. Bu milli fəalın uzun sürən aclıq aksiyası onun yaxınlarının dediyinə görə 15 kiloya yaxın arıqlamasına səbəb olmuşdu. Tahir Nəqəvi və Hüseyn Piri ilə birlikdə iyunun 13-də tətilə başlayan Əzimi Qədim iyulun 26-da aclığını dayandırmışdı.

Evin həbsxanasında məhkəmə hökmü olmadan saxlanılan türk fəallar (Mənbə: HRA agentliyinin Telegram kanalı)

Eyni zamanda həmin azərbaycanlı milli fəallar çıxarılan hökmlərdən Apellyasiya Məhkəməsinə müraciət etməyi planlaşdırırlar. Bununla belə, İran İslam Respublikasının ədliyyə sisteminin tarixi göstərir ki, bir çox hallarda apellyasiya məhkəməsi ilkin məhkəmənin qərarını təsdiq edir və ya qismən cəzanı azaldır. Lakin bəzi hüquq müdafiəçiləri milli fəalların işində əsassız ittihamların mövcudluğuna diqqət çəkərək, Apellyasiya və ya Ali Məhkəmədə ağır hökmlərin ləğv edilməsi ehtimalının olduğunu irəli sürürlər.

Bu hökmləri verməzdən əvvəl İranda 24 insan haqları təşkilatı birgə bəyanat dərc edərək, fəalların vəkil və tibbi xidmət də daxil olmaqla, qanuni hüquqlarından məhrum edilməsini pisləyib və onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Bəyanatda məhbuslara qarşı işgəncə və zorakılıq hallarına da toxunulub. Bəyanatda qeyd edilib ki, “İyulun 3-də Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində Mürtəza Pərvin, Bağır Hacızadə, Ayaz Seyfxah və Kamal Nurinin məhkəmə iclası zamanı hakim Salavati məhbusların işgəncə edildikləri ilə bağlı iddialarına cavab olaraq, "işgəncələrə məruz qalmamaq üçün sorğu-sual zamanı əməkdaşlıq etməli idiniz" deyib". Hüquq- müdafiə təşkilatlarının bəyanatında təqdim olunan məlumata görə, fəalların işgəncəyə məruz qaldıqları işin hakimi tərəfindən təsdiq edilir.

Həmçinin İran azərbaycanının dörd siyasi təşkilatı bu 6 milli fəala qarşı çıxarılan hökmlərə etiraz edən bəyanat yayıb və İran məhkəmə sisteminin və hakimiyyətinin hərəkətini pisləyib.

“İran İslam Respublikası illərdir həbs və işgəncə də daxil olmaqla, müxtəlif vasitələrlə bərabərsizliyə və ədalətsizliyə qarşı etiraz səslərini boğmağa çalışır. Öz mədəni və dil kimliklərini qorumaq, ədalət və bərabərlik tələb etməkdən başqa məqsədi olmayan Azərbaycan milli hərakatının siyasi fəalları daim bu repressiv siyasətlərin qurbanı olublar" - deyə, bəyanatda qeyd edilir.

Bəyanatda bu məhbusların ağır həbs cəzaları pislənib, hüquqi və vətəndaş hüquqlarının dəstəklənməsinin vacibliyi vurğulanıb və repressiya prosesinə son qoyulması tələb olunub.