Bu gün, iyulun 27-də, Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində azərbaycanlı fəal Bağır Hacızadənin məhkəməsinin üçüncü iclası keçirilib.
Təbriz Səsi Telegram kanalının yaydığı məlumata görə, Bağır Hacızadə hakim Əbülqasım Salavatinin sədrliyi ilə məhkəmə qarşısına çıxıb və ona qarşı ittiham aktı oxunub.
İttihamnamədə Bağır Hacızadənin son bir neçə ildəki dinc fəaliyyətləri cinayət kimi göstərilib və ona qarşı müxtəlif ittihamlar irəli sürülüb. Məsələn, Araz çayı sahilinə getməsi və Təbrizdə mərhum Əziz Purvəlinin dəfn mərasimində iştirak etməsi cinayət nümunələri kimi təqdim edilib. Həmçinin, Hacızadəyə qarşı casusluq ittihamı da irəli sürülüb, lakin bu ittihamın detalları barədə ətraflı məlumat yoxdur.
Bundan əvvəl milli fəallar Araz Əman və Vədud Əsədi də hakim Əbülqasım Salavati tərəfindən casusluqda ittiham edilmişdilər və sübut olmadan özlərini bu ittihamlardan müdafiə etməyə məcbur edilmişdilər.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, fevralın ilk həftəsində İranın bir sıra vilayətlərində həbs edilən azərbaycanlı fəallara işi üzrə hakim Salavati, "casusluq" və "milli təhlükəsizliyi pozmaq" kimi ağır ittihamlar irəli sürür. Lakin hakim bu ittihamların cinayət nümunələrini təhlükəsizlik və məxfilik bəhanələri ilə müttəhimlərə təqdim etməkdən imtina edir.
Bağır Hacızadə bu il fevralın 5-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən iş yerində həbs edilib və sonra Tehrandakı Evin həbsxanasının 209 saylı təcridxanasına köçürülüb. Həbs edildikdən sonra təhlükəsizlik qüvvələri evinin qapısını sındıraraq evinə daxil olaraq reyd keçirib, şəxsi əşyalarını, o cümlədən noutbukunu, mobil telefonunu və kitablarını müsadirə ediblər. O vaxtdan Bağır Hacızadə digər həbsdə olan milli fəallarla birlikdə Evin həbsxanasında saxlanılır. O, vəkilə çatım hüququndan məhrumdur və hakim Salavati onun zaminə buraxılmasına mane olur.
Forum