Həbsdə 127 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun oktyabrın 16-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinin personalı tərəfindən fiziki təzyiqə məruz qaldığı bildirilir.
Bu, Qasımovun vəkili Telman Qasımovla görüşündən sonra baş verib.
Fazil Qasımovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, Müalicə müəssisəsinin əməkdaşları Qasımovun əsasını əlindən alıb və onu itələyiblər, nəticədə o yıxılıb.
O, bu barədə telefonla ailə üzvlərinə danışarkən 35-ci saniyədə telefon danışığı kəsilib. Ailə üzvləri onun vəziyyətinə görə narahat olduqlarını bildirir.
Fazil Qasımovun ailəsindən Amerikanın Səsinə deyiblər ki, Fazilə qarşı olan kobud rəftar barədə Ombudsmana şikayət edildikdən sonra onun əsası qaytarılıb.
“Ombudsman aparatından Fazilin vəkilinə zəng edilib, vəziyyəti nəzarətdə saxladıqları bildirilib, eyni zamanda Fazilə yenidən zəng üçün şərait yaradılıb, nəzarət altında olsa da, 15 dəqiqə ailəmizlə danışdı”, ailə üzvü Amerikanın Səsinə deyib.
Bununla yanaşı, Penitensiar Xidmətin Müalicə müəssisəsindən Fazil Qasımova təzyiqlə bağlı ailəsinin iddialarına münasibət öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", Qasımov əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Lakin o həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.