Accessibility links

119 gündür aclıq edən Fazil Qasımov mənəvi və fiziki təzyiqə məruz qaldığını bildirib


İstanbul Universitetinin doktorantı Fazil Qasımovun məhkəməsi keçirilib
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə 119 gündür aclıq edən Istanbul Universitetinin doktorantı Fazil Qasımov Penitensiar Xidmətin Müalicə müəssisəsində mənəvi və fiziki təzyiqə məruz qaldığını bildirib.

Bundan başqa, onun vəkillərlə ünsiyyətinin məxfiliyi pozulur. Qasımov bir sıra vəsatətlərlə çıxış edərək, iqtisadçı alim Qubad İbadoğlunun barəsində ibtidai istintaqa verdiyi ifadəsinin iş materiallarından çıxarılmasını istəyib.

Qasımov vəsatət qaldırıb ki, İbadoğlu və vəkilləri Şəhla Hümbətova və Zibeydə Sadıqova şahid qismində məhkəməyə çağırılsın.

Qasımov onu da bildirib ki, İstanbulda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçırılıb. Lakin istintaq materiallarında yazılib ki, guya o, Bakıya özü gəlib və hava limanında saxlanılıb. Ona görə də Türkiyəyə müvafiq sorğuların göndərilməsini xahiş edib.

Lakin biri istisna olmaqla - iş materialları ilə tanış olmasına icazə verilməsi ilə bağlı bütün qalan vəsatətlər təmin edilməyib.

Növbəti məhkəmə iclası oktyabrın 31-nə təyin edilib.

Hüquq müdafiəçiləri və yaxınlarının aclıq aksiyasını dayandırmaq çağırışlarına baxmayaraq, Qasımov aksiyanı davam etdirəcəyini bildirib.

Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, həbs edilmiş Fazil Qasımova qarşı məhkum və həbs edilmiş şəxslər, eləcə də əməkdaşlar tərəfindən qanunsuz hərəkətlərə yol verilmir, onun hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.

Xatırladaq ki, 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", Qasımov əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Lakin o həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Forum

XS
SM
MD
LG