“Fazil Qasımov hər an komaya düşə bilər. Qardaşımın əzələləri sanki əriyib, dəri və sümükdən ibarətdir. Onun immuniteti çox aşağıdır. Dünəndən bədən temperaturu 39 dərəcədən aşağı düşmür”.
Bu barədə oktyabrın 4-də onunla görüşdən sonra Qasımovun ailə üzvü Amerikanın Səsinə deyib.
Oktyabrın 4-də vəkil Rövşanə Rəhimli də Penitensiar Xidmətin Müalicə müəssisəsində 113 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovla görüşüb. Vəkil də Amerikanın Səsinə Qasımovun bədən temperaturunun 39 dərəcə olduğunu təsdiq edib.
“Ona aspirin tabletkası içməsi məsləhət görülüb. Lakin həkimlər uzun müddət aclıq edən insana bu tabletkanın ziyan verəcəyini bildirib. Həkimlər Qasımovun bədəninə sistemlə dərman yeridilməsini faydalı hesab edib. Buna isə Fazil Qasımov icazə verməyib”, vəkil qeyd edib.
Bununla yanaşı vəkil bildirib ki, Müalicə müəssisəsinin nəzarətçiləri Fazil Qasımova ailə üzvlərinə və vəkilinə yazılı şəkildə hər hansı sənədi və ya vəsatəti təqdim etməyə imkan vermir.
“Fazil Qasımov bildirdi ki, nəzarətçilər ona yazdığı hər hansı kağız parçasını və sənədi görüşə gətirməyə imkan vermir. Bu həftə telefonla danışığına da imkan verilməyib. Həmçinin ailə üzvləri ilə görüşü zamanı nəzarətçilər onunla birgə olur, bu da ailəsi ilə danışıqlarına məhdudiyyət yaradır”, o qeyd edib.
Rövşanə Rəhimli Fazil Qasımova qarşı təzyiqlərlə bağlı Ədliyyə Nazirliyinə və Ombudsmana şikyət verəcəyini deyib.
Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, həbs edilmiş Fazil Qasımova qarşı məhkum və həbs edilmiş şəxslər, eləcə də əməkdaşlar tərəfindən qanunsuz hərəkətlərə yol verilmir, onun hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Xatırladaq ki, 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", Qasımov əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırlıb. Lakin o həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Növbəti məhkəmə iclası oktyabrın 10-na təyin edilib.
Forum