Azərbaycanla ABŞ COP29-a hazırlıq məsələlərini və ikitərəli gündəliyi müzakirə edib

Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və Bakıda səfərdə olan ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanın görüşündə COP29-a hazırlıq və Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər müzakirə olunub.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Con Podesta COP sədri qismində hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib.

“O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirdi”, məlumatda qeyd edilir.

Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını qeyd edib.

“Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlət başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə etdi”, Prezident Administrasiyası bildirir.

Məlumatda həmçinin söhbət zamanı Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulanıb. Con Podesta ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.

2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəsi regional sülh gündəliyini dəstəkləyir.

Əlavə edilir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyi isə bildirir ki, ABŞ Prezidentin baş müşaviri Con Podesta Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə CO2 olmayan emissiyaların azaldılması və iqlimin maliyyələşdirilməsinə yeni baxışın formalaşdırılması da daxil olmaqla, COP29-a uğurla ev sahibliyi etmək üçün ABŞ-Azərbaycan əməkdaşlığını müzakirə edib. O, həmçinin, Azərbaycanı insan haqları ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıb.

Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib. Konfransda ümumilikdə 80-100 min insanın iştirsk edəcəyi təxmin edilir.