Tehran İnqilab Məhkəməsi azərbaycanlı vəkil və insan haqları müdafiəçisi Məhəmmədrza Fəqihini 5 il müddətinə azadlıqdan məhrum edib. Hökmə əsasən, o, 2 il müddətinə ölkədən çıxış hüququndan məhrum edilib, siyasi partiya və qruplara üzv olmaqdan və vəkillik fəaliyyətindən də məhrum edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, bu qərar Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsinin hakimi Əbülqasım Salavatinin hökmü ilə çıxarılıb. Fəqihi "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamı ilə təqsirli bilinib.
Vəkil Fəqihi sentyabr ayında Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində ona qarşı irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı edib. Sentyabrın 11-də hakim Məhəmmədrza Əmuzadın sədrliyi ilə keçirilən məhkəmə iclasında Fəqihi "ictimai asayişi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamı əsasında öz müdafiəsini təqdim edib.
Məhəmmədrza Fəqihi 2022-ci ilin oktyabrında, bir qrup vəkillə birlikdə Tehranın Arjantin küçəsində yerləşən Mərkəzi Vəkillər Kollegiyasının binası önündə etiraz mitinqində iştirak edərkən həbs olunub. Mitinq, İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına və həmin il baş tutan ümummilli etiraz aksiyalarında iştirak edənlərin hüquqlarının tapdalanmasına qarşı keçirilmişdi.
Fəqihi qısa müddət sonra müvəqqəti azadlığa buraxılsa da, məhkəmə prosesində peşmanlıq məktubu yazmadığı üçün, onun ümumi əfv sərəncamına daxil edilmədiyi bildirilmişdi.
Əvvəlki məhkəmə iclasında Məhəmmədrza Fəqihinin vəkillərindən biri, Mahmud Behzadi-Radın iclasa qatılmasına maneə törədilib, bunun nəticəsində Fəqihi məhkəmə prosesinə qatılmaqdan imtina edib. Bu hadisə, İran məhkəmə sistemində müdafiə hüququnun pozulduğuna və məhkəmə proseslərinin şəffaflıq və ədalət prinsiplərinə zidd şəkildə aparıldığına dair şübhələrə səbəb olub.
Məhəmmədrza Fəqihi bundan əvvəl də təhlükəsizlik qüvvələri tərəfindən bir neçə dəfə saxlanılıb və azərbaycanlı milli fəalların hüquqlarının müdafiəsi ilə əlaqədar təzyiqlərlə üzləşib.