Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində parlament seçkilərinin nəticələrindən və AXCP-nin yenidən qeydiyyatı ilə bağlı problemlərdən danışıb.
Amerikanın Səsi: AXCP parlament seçkilərini boykot etdi. Sizin partiyanın bu qərarı bir sıra siyasətçilər tərəfindən tənqidlə qarşılandı. Seçkilərin nəticələri baxımından boykot qərarınız cəmiyyət üçün nə qədər bəhrəli oldu?
Your browser doesn’t support HTML5
Seymur Həzi: Əvvəla onu deyim ki, bu prosesin özü cəmiyyət üçün bir bəhrə vermədi. Bunun əsas meyarı da Azərbaycanda Əliyev hakimiyyətinin, yəni növbəti dəfə ailə hakimiyyətinin parlament hakimiyyətini qəsb etməsi oldu. Azərbaycan cəmiyyəti də bu prosesə fəal siyasi mövqe bildirmədi. Çünki xalq əvvəlcədən bilirdi ki, seçki total saxtakarlıq şəraitində keçəcək. Azərbaycan müxalifəti də bunu bilirdi. AXCP-nin xüsusilə qərarı buna əsaslandı ki, ölkədə demokratik seçkilər yoxdur. Əgər belə bir mühit olsaydı AXCP mütləq seçkiyə qoşulardı. AXCP-nın qalib gəlmə imkanları hər zaman təbii ki, demokratik seçkilərdə mövcuddur. O ki qaldı bir çox siyasətçilərin AXCP-nin bu qərarını tənqid etməsinə, mən düşünmürəm ki, siyasətçilər bir-birinin tənqidçisi olmalıdırlar. Yalnız iqtidar bizim mövqeyimizi tənqid edə bilər. Biz də iqtidarın mövqeyini. Digər məsələləri isə xalq aydınlaşdırmalıdır. Əgər doğrudan da bizim qərarımızın əksinə olaraq milyonlarla insan seçki qutularının başına axışsaydılar onda bizi təndiq edənlərin fikirləri bir qədər əsaslı olardı. Bunu biz görmədik.
Amerikanın Səsi: Parlament seçkiləri ilə bağlı ATƏT-in birgə müşahidə missiyasının ilkin bəyanatına AXCP-nin münasibəti necədir? Sizcə bu bəyanat reallığı əks etdirirmi?
Seymur Həzi: Əvvəla onu deyim ki, ATƏT-in Seçki Müşahidə Missiyasının bəyanatı ilə biz yaxından tanış olmuşuq. İctimailəşən və ictimailəşməyən hissəsi ilə tanış olmuşuq. Yəni Azərbaycanda azərbaycandilli seqmentdə mətn tamamilə aydın deyil. Amma tamamilə AXCP-nin mövqeyinə yaxın idi. Bizim tənqid və iradlarımız orada əksini tapmışdır. Mən hesab edirəm ki, bu mövqeyi bölüşmək olar. Baxmayaraq ki, sənədin hazırlanmasında bir qədər diplomatik dil seçilib. Amma bütövlükdə ölkədəki saxta seçki mühitini əks etdirən sənəd idi.
Amerikanın Səsi: Yeni formalaşan parlamentin cəmiyyətin həyatında rolunu necə proqnozlaşdırırsınız? Parlament hökumətin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirə biləcəkmi?
Seymur Həzi: Azərbaycan parlamenti ötən dövrdə olduğu kimi bu dövrdə də yalnız inzibati xətalar məcəlləsinə dəyişikliklər etməklə cərimələri artırmaqla məşğul olacaq. Azərbaycanın ictimai-siyasi həyatına Azərbaycan parlamentinin verdiyi əsas dırnaqarası töhfə cərimələri artırmaq, vətəndaşların həyatını ağırlaşdırmaq, deputatların maaşını qaldırmaqdır. Başqa heç bir töhfəsi ola bilməz. Azərbaycan Respublikasının ərazisinə bir xarici dövlətin qoşunları girdi, bir xarici dövlətin qoşunları çıxdı. Azərbaycan parlamentinin bundan xəbəri olmadı. Heç bir ictimai siyasi fəaliyyətdən söhbət gedə bilməz. Çünki bu parlament legitim deyil.
Amerikanın Səsi: Bir qayda olaraq Azərbaycanla bağlı parlamentlər və ya parlamentarilər daha sərt tənqidi bəyanatlar qəbul edir. Bu baxımdan Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinə münasibətiniz necədir?
Seymur Həzi: Azərbaycanda xalqın maraqlarını təmsil edən, Azərbaycan xalqının həqiqi mənafeyi uğrunda siyasət aparan və bunun üzərində düşünən, strategiya quran parlament fraksiyaları olmadığına görə, parlament bir qrupun əlində olduğuna görə, konkret olaraq İlham Əliyevin YAP hakimiyyəti tərəfindən zəbt olunduğuna görə, burada yalnız həmin siyasi partiyanın maraqları beynəlxalq aləmdə təmsil olunur. Bu da əlbəttə ki, demokratik dünya ilə ziddiyyət təşkil edir. Beynəlxalq münasibətləri də bu kontekstdə qurmaq çətinləşir. Ancaq orada çox fraksiyalı bir parlament olsa və müxtəlif münasibətlər sistemi çərçivəsində əlaqələr qurulsa, Azərbaycan maraqlarını və mənafeyini çoxşaxəli beynəlxalq müstəvidə qorumaq mümükün olardı. Çox təəssüf ki, bu yoxdur.
Amerikanın Səsi: AXCP-nin yenidən qeydiyyatı ilə bağlı hazırda hansı işlər aparırsınız? Partiyanızın dövlət qeydiyyatına alınacağına ümidiniz varmı?
Seymur Həzi: AXCP-nin dövlət qeydiyyatı ilə bağlı bu günə qədər hər hansı problemi olmayıb. Sadəcə olaraq AXCP-nin ötən qurultayın nəticəsi bir şikayətçi tərəfindən mübahisələndirilib. AXCP öz yeni nizamnaməsini qəbul etmək istiqamətində qurultaya hazırlaşır. Yaxın vaxtlarda qurultayın keçirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət olunacaq. AXCP öz yeni nizamnaməsi ilə fəaliyyətini davam etdirəcək.
Qeyd: Bu Seymur Həzinin fikirləridir. Azərbaycan rəsmiləri və Mərkəzi Seçki Komissiyası seçklilərin azad və demokratik mühitdə keçirildiyini bildirib.
MSK sədri Məzahir Pənahov yeni çağırış Milli Məclisin sentyabrın 30-da keçirlən iclasında deyib ki, namizədlərin qeydiyyatı, təşviqat kampaniyası ilə bağlı bütün addımlar atılıb, lazımi şərait yaradılıb.
"Səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb", o qeyd edib.
Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatında deyilir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.